“Vətəndaş taksilərdən polisə şikayət etdi, polis də vətəndaşdan sürücülərə”

Cəmiyyət

12.02.2022 - 22:30

Bakı üçün 10 min maşın kifayət edərdi, amma: şəhər rəhbərliyi tıxacları necə azaltmaq niyyətindədir?

Paytaxtda nəqliyyatın vəziyyətini dəyişməyə hesablanmış genişmiqyaslı “Böyük Bakı” proqramı çərçivəsində son illər yeni metro stansiyaları tikilib, marşrut xətlərinin uzunluğu artırılıb. Bununla belə, paytaxtda nəqliyyatın kollapsı artır.

Mərkəzi yolların kənarlarını maşın basıb, amma ən çox aidiyyəti idarələri narahat edən qanunsuz parklamalardır. Bakı Nəqliyyat Agentliyi (BNA) hətta ölkənin əsas şəhərində parkinq islahatları ilə bağlı konsepsiya hazırlayıb. Qurumun İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov bildirib ki, bu təqdirəlayiq məqsədlə struktur “dayanacaqların təşkili ilə bağlı tanınmış şirkəti” dəvət edib. Məsələyə ciddi yanaşıldığını iki illik araşdırma sübut edir. Bununla da məhdudlaşmayaraq, BNA öz sistemli parkinq islahatı konsepsiyasını və bununla bağlı qanunvericilik aktını hazırlayıb.

Abbasovun sözlərinə görə, sənəd hökumətə təqdim edilib və dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir: “Ümid edirik ki, tezliklə prosedurlar yekunlaşacaq və parklanmanın nizamsız olması problemi həll olunacaq. İslahat nəqliyyatın intensivliyinə uyğun olaraq şəhərin zonalaşdırılmasını nəzərdə tutur. Hər zonada parkinq üçün fərqli yanaşmalar olacaq. Konsepsiyaya tariflərin tətbiqi və innovasiyaya mərhələli keçid daxildir və pilot tədbirlərə “6-cı paralel” küçəsindən başlanılacaq”.

Qeyd edək ki, BNA artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. İstənilən halda, bu məqamları dərindən araşdıraraq başa düşürsən ki, problem təkcə kortəbii dayanacaqlarda deyil, daha da dərindədir - onun kökləri şəhərsalma, planlaşdırma, əhalinin psixologiyası və ictimai nəqliyyatın ümumi vəziyyətinə gedib çıxır. Bəli, bu gün biz əsasən paytaxtın mərkəzində ictimai nəqliyyatın vəziyyətinin yaxşılaşdığını görürük, yol şəbəkəsinin müasirləşdirilməsi, əsas magistral və ona bitişik yolların ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəal tədbirlər görülür.

Bununla belə, əhali yeni avtobusların hərəkətinin qəribəliyindən şikayətlənir: bu, həm uzadılan yolla hərəkət, həm də anlaşılmaz “optimallaşdırma”dır. İctimai nəqliyyatda olan çatışmazlıqlar isə şəxsi avtomobilləri ilə taksi fəaliyyəti göstərənlərin sayının artmasına səbəb olur.

Yol-nəqliyyat eksperti Fazil Məmmədov AYNA-ya açıqlamasında deyib ki, taksilərin münasib olmayan yerlərdə xaotik dayanması, habelə icazəsiz şəxsi daşımalarla məşğul olan sürücülərin çoxalması narahatlıq doğurur: “Rəsmi olaraq elan edilən taksilərin sayı yollarımızdakı şəxsi taksilərin faktiki sayından xeyli azdır. Bundan əlavə, orta standartları nəzərə alsaq (hər 400 nəfərə bir taksi), ölkənin əsas şəhəri üçün 10 min avtomobil kifayət edərdi. Təsdiqlənməmiş məlumatlara görə, Bakıda 50-60 minə qədər insan bu sahədən gəlir qazanır”.

Həmsöhbətimiz hesab edir ki, şəxsi nəqliyyatın bu qədər populyarlaşmasının səbəbi avtomobillərin çoxluğu və gizli işsizlikdir: “Axı, bu gün demək olar ki, hər kəs “standart” avtomobil olmasa da, öz sükanı arxasında oturub belə sadə yolla pul qazana bilər”.

Qeyd etmək lazımdır ki, şəxsi taksilərin böyük populyarlığı ilə bağlı vəziyyətin təkcə yol polisinin sayıq nəzarətinə baxmayaraq, tıxaclar, avtobus dayanacaqları və təsadüfi "xalturşiklər"in yaratdığı digər qarışıqlıqlar kimi mənfi tərəfləri yoxdur. Metronun “Koroğlu” stansiyasının ərazisində yol nizam-intizamının mühafizəçiləri və BNA-nın özündən bir daş atışı aralığında bunun necə baş verdiyi sirr olaraq qalır.

“İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən, avtobus dayanacaqlarında dayanmaq olmaz. Üstəlik avtomobilin ora 15 metr məsafədən yaxın saxlamaq hüququ yoxdur. BNA paytaxt meriyası ilə birlikdə yolların taksi dayanacaqlarına uyğun olan hissələrini müəyyən etməyə başlayıb. Bu gün belə dayanacaqların kəskin çatışmazlığı var, amma görünür, problem həll olunur. Yaxın vaxtlarda müvafiq strukturlar taksi dayanacaqlarının yerləşdiyi yerin xəritəsi ilə bağlı qərar verməlidir. Belə dayanacaqların sertifikatlaşdırma sistemi bir sıra ölkələrdə mövcuddur və özünü yaxşı tərəfdən göstərmişdir”, - deyə F.Məmmədov bildirib.

Onun fikrincə, əhalinin marağını faydalı istiqamətə çevirmək, bu bazarda ən layiqliləri - ən yaxşı şirkətləri və ən peşəkar sürücüləri seçmək və saxlaxmaq lazımdır. Belə olan halda bu nəqliyyat seqmenti vətəndaşlar üçün keyfiyyət, rahatlıq və komfort imicinə çevriləcək.

“Bizdə isə cəzasızlıq hərc-mərcliyə səbəb olub. Şəxsi təcrübəmdən bir hadisəni misal çəkim. Beş-altı taksinin dayanacaqda dayandığını görən vətəndaş elə orada dayanan və heç nə etməyən patrul əməkdaşına üz tutub. Həmin şəxs yol hərəkəti qaydalarının pozulması ilə bağlı tədbir görülməsini tələb edib. Yol polisi də öz növbəsində ondan taksi sürücülərinə şikayət edib, sonra patrul maşınına minib və gedib. Əlbəttə ki, taksi sürücüləri "qəhrəman"la "məşğul olmaq" istədilər və o, qüvvələrin qeyri-bərabərliyini anlayaraq geri çəkilməyə məcbur oldu. Təəssüf ki, bu sahədə təşkilati işlər arzuolunandan xeyli uzaqdır və bu, sistemli bir məsələdir. Sistemimiz isə yeni qurulmağa başlayır. Elə olur ki, hətta bəzi sürücülər işıqforun qırmızı işığında keçməyi və ya hərəkətin əks tərəfinə getməyi olduqca normal hesab edirlər. Və nə qədər ki, nəqliyyat vasitələrinin sahiblərinin və sürücülərinin maarifləndirilməsi məsələsi açıq qalacaq, biz yerimizdə sayacağıq”, - deyə ekspert vurğulayıb.

Müəllif: Tanya Samsonova