“Vəhhabiliyin arxasında keçmiş Prezidentin bacısı uşaqları dayanır”

Aktual

22.11.2023 - 17:56

Kazbek Beysebayev: “Hakimiyyət artıq bu təhlükəyə son qoymaq qərarına gəlib”

Qaziz Abışev: “Dünyəvi millətçilər ilə radikal dindarlar arasında münaqişə yarana bilər”

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti xəbər verir ki, ölkədə dövlət çevrilişi planlaşdıran dini ekstremist qruplaşmanın üzvləri zərərsizləşdirilib: “2023-cü il noyabrın 15-də Milli Təhlükəsizlik Komitəsi Baş Prokurorluqla razılaşdırmaqla, ibtidai istintaq çərçivəsində Astana, Atırau və Jezkazqan şəhərlərində radikal dini qruplaşmanın hücrələrini zərərsizləşdirib. Terrorçuluğu təbliğ etmək, habelə ekstremist qrup yaratmaq, onlara rəhbərlik etmək və fəaliyyətində iştirak etməkdə şübhəli bilinərək, qruplaşmanın 12 üzvü eyni vaxtda saxlanılıb. Müstəntiqlərin fikrincə, onlar Qazaxıstanda dünyəvi sistemi devirmək məqsədi güdürdülər. Bunun üçün onlar ekstremist ideologiyanı yayır və özlərinə yeni tərəfdarlar toplayırdılar”.

MTK mətbuat xidmətinin məlumatına görə, təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə aparılan axtarışlar zamanı qadağan olunmuş ədəbiyyat və digər maddi sübutlar götürülüb. Qrupun bir sıra üzvləri ağır cinayətlər törətməkdə təqsirli biliniblər. Əlavə edilib ki, digər məlumatlar açıqlana bilməz.

Qazaxıstan Azərbaycan üçün yad ölkə deyil. Qonşu dövlətdə radikal dini ekstremist qrupların mövqeləri nə dərəcədə güclüdür? Doğrudanmı inqilab və dünyəvi inkişaf yolundan uzaqlaşma təhlükəsi var? Bu gün qazax cəmiyyətində vəhhabilik ideyaları nə dərəcədə populyar və geniş yayılıb?

Mövzunu AYNA-ya Qazaxıstanın tanınmış ekspertləri şərh ediblər.

Siyasi şərhçi Qaziz Abışev:

“Qazaxıstan ekstremist ideologiyanın, o cümlədən coğrafi səbəblərə görə müəyyən qüvvələrin təzyiqi altındadır. Lakin həm dövlət aparatı, həm də vətəndaş cəmiyyəti təhlükəni aydın başa düşür və əks tədbirlər görür. Milli Təhlükəsizlik Komitəsi daim ekstremist qrupları saxlayır, dövlət qruplara nəzarət edir, vətəndaş cəmiyyəti dünyəviliyin gücləndirilməsini tələb edir.

Burada başqa bir şey maraqlıdır. Qazaxıstanda iki ehtiraslı tərəf - bəzi dini cərəyanlar tərəfindən milli mədəniyyətə təhlükə hiss edən dünyəvi millətçilər və imanın hökmlərini hər şeydən üstün tutan dindarlar arasında ideoloji münaqişə yarana bilər. Və burada bölünmə xətti sürətlə gedə bilər, çünki, bir çox millətçilər də ənənəvi müsəlmanlardır”.

Politoloq Kazbek Beysebayev:

“İlk növbədə qeyd etmək lazımdır ki, dini ekstremizm Qazaxıstan üçün yeni hadisə deyil. 2011-ci ildən, radikal dini qruplaşmaların dövlət qurumlarına hücumundan sonra bizdə əsl terror aktları olub. Belə hadisələr ölkənin cənubunda, qərbində və Almatıda baş verib. Məsələn, 2012-ci ildə Almatı yaxınlığında terrorçular meşəbəyinin ailəsini güllələyiblər, 2016-cı ildə Almatıda tək terrorçu Milli Təhlükəsizlik Komitəsinin binasına hücum edərək bir əməkdaşını qətlə yetirib.

2016-cı ildə Aktobedə silah mağazasına, daha sonra hərbi hissəyə hücum olub. Bölgənin özündə terrorçularla hərbi toqquşmalar olub, nəticədə terrorçular məhv edilib, lakin hərbçilər arasında itkilər də olub. Bundan əlavə, Qazaxıstan vətəndaşları Suriyadakı döyüşlərdə iştirak ediblər.

Odur ki, təhlükəsizlik qüvvələrinin Astana, Atırau və Jezkazqan şəhərlərində radikal dini qruplaşmanın hücrələrini zərərsizləşdirməyə nail olması bir şeyi deyir: radikal qruplaşmalar heç yerə getməyib, onlar hələ də güclüdürlər və dövlət üçün təhlükə yaradırlar.

Vəhhabiliyə gəlincə, belə bir fikir var ki, bu hərəkatın arxasında keçmiş Prezident Nazarbayevin çevrəsindən olan adamlar, konkret olaraq onun bacısı oğulları dayanıb. Bu, Qazaxıstanda hamıya məlum olan bir “sirdir”. Onlar öz mövqelərindən istifadə edərək, inzibati və maliyyə rıçaqlarına və imkanlarına malik olaraq vəhhabilik ideyalarının yayılmasında çox işlər görüblər. Təkcə onu demək kifayətdir ki, bizdə bu hərəkatın təbliğatçılarının müntəzəm çıxış etdiyi bütöv bir telekanal var idi.

Vəhhabiliyin nümayəndələri dövlət strukturlarında olub və qalırlar. Rəsmi olaraq dünyəvi dövlət olmağımıza baxmayaraq, bizim Məclisdə mütəmadi olaraq çoxarvadlılığa, ayrı-ayrı müsəlman məktəblərinin açılmasına çağırışlar eşidilir və eşidilməkdə də davam edir.

Şəhərlərimizdə üzləri tamamilə örtülmüş qadınlara rast gəlmək olar. Bu, qazaxların Mərkəzi Asiyadakı qonşularımızla müqayisədə, deyək ki, İslamda daha liberal olmasına baxmayaraq baş verir.

Eyni zamanda, dünyəvi inkişaf yolundan uzaqlaşmaq təhlükəsi ilə üzləşdiyimizi söyləmək olmaz. Onu da etiraf etmək lazımdır ki, qazax cəmiyyəti vəhhabiliyin güclü təsiri altına düşüb. Hətta bəzi yerlərdə ideoloji parçalanmalar da olub. Bu isə artıq müəyyən təhlükə yaradır.

Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin yanvar hadisələri zamanı hakimiyyəti ələ keçirməyə hazır olduqları iddia edilən minlərlə terrorçudan söhbət gedirdi. Bunların terrorçu olub-olmaması rəsmi təsdiqlənmədi, lakin Almatı yaxınlığında gənclərin təlim keçdiyi hərbiləşdirilmiş düşərgələrin olduğuna dair sübutlar var.

Buna görə də MTK-nin terrorçulara qarşı əməliyyatı onu deməyə əsas verir ki, Qazaxıstan hakimiyyəti bu təhlükəyə son qoymaq qərarına gəlib”.

Müəllif: Rauf Orucov