İbrahim Nəbioğludan Azərbaycan TV-lərinə <font color=red> MÜRACİƏT</font>

Aktual

01.10.2020 - 11:50

“Ərdoğanın çıxışını canlı olaraq yayımlasınlar”

 

Tanınmış yazar, publisist, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu İbrahim Nəbioğlu ölkəmizin televiziya və radio kanallarına müraciət ünvanlayıb. AYNA-nın xəbərinə görə, İ.Nəbioğlu müraciətində qeyd edib ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyası açılır.

 

Onun sözlərinə görə, ənənəvi olaraq parlamentin sessiyasının açılışında Türkiyə Prezidenti TBMM-də çıxış edərək, parlamentarilərə müraciət edir: “TBMM kürsüsündən səslənən bu çıxışlar adətən böyük marağa səbəb olur, çünki Prezident Türkiyə qarşısındakı siyasi, iqtisadi, sosial problemlərindən danışır, onun həlli yolları haqda mülahizələrini dilə gətirir. Bu il gündəmdə iki əsas məsələ olacaqdı - pandemiya ilə mübarizə və Aralıq dənizinin şərqindəki gərginlik. Lakin Azırbaycan Ordusunun Dağlıq Qarabağı erməni terrorçularından təmizləmə əzmi və başlayan müharibə bu ilki TBMM açılışının bir nömrəli gündəminə çevrilib”.

 

“Prezident Rəcəb Tayyip Ərdoğanın bir azdan kürsüyə çıxaraq edəcəyi çıxış tək Azərbaycan üçün deyil, bütün dünya üçün son dərəcə önəmlidir. Çünki başda Fransa, Rusiya, Yunanıstan, Ermənistan və eləcə də bütün Avropa İttifaqı ölkələrinin gözü-qulağı indi Ankaradadır. Ərdoğanın söyləyəcəyi hər söz, sözündəki vurğu, intonasiya belə ciddi şəkildə analiz ediləcək. "Görək bu çılğın Türklər indi nə addım atacaqlar" düşüncəsi ilə Qərb dünyası güclənən Türkiyənin hansı növbəti güclü gediş edəcəyini gözləyir. Azərbaycan tarixi baxımından bu son dərəcə önəmli gündə təklif edirəm, bütün televiziya kanalları və radiolar Prezident Ərdoğanın çıxışını canlı olaraq yayımlasınlar”, - deyə İ.Nəbioğlu bildirib.

Müəllif: Ayna.az