Vaşinqtonla Bakı arasında gərginlik: “erməni kartı” əl dəyişdirdi, yoxsa...?

Aktual

18.11.2023 - 10:14

Deputat: “Amerika Ermənistanın hamisi rolunda çıxış edir

Politoloq: “Azərbaycana qarşı təzyiqlər ondan qaynaqlanır ki...”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdə çıxışı zamanı deyib ki, ölkəsi Bakıya aydın mesajlar verib: “Birləşmiş Ştatlar Azərbaycana hərbi və digər yardımları dayandırdı, bəzi yüksək səviyyəli səfərləri ləğv etdi və Vaşinqton Bakıya işarə etdi ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayınca ikitərəfli münasibətlər normallaşmayacaq”.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyir: “Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq. Beləliklə, biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik. Qeyd etdiyim kimi, biz onlara dedik ki, sülh sazişi yarımçıq qaldığı halda, prosesin həmişəki vəziyyətinə qayıtmaq şansı yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) amerikalı diplomatın bəyantına cavab verib: “Bu dinləmələri və səsləndirilən çıxışları Azərbaycan ilə ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassızdır və regionda sülh və təhlükəsizliyi sarsıdır. 19-20 sentyabrda Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə 10000-dən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb”.

Mövzu barədə AYNA-ya danışan YAP-çı deputat Məşhur Məmmədov bildirib ki, ABŞ separatçı rejimi dəstəkləyir: “Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı. ABŞ-ın da həmsədri olduğu ATƏT-in Minsk Qrupu uzun müddət ərzində Ermənistanın işğalçılıq siyasətinə qarşı heç bir real addım atmadı. Açıq şəkildə Ermənistanı müdafiə etdilər. Xocalı, Gəncə, Tərtər, Bərdə terrorlarına heç bir reaksiya vermədilər. Necə ki, gördülər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışmır və 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edib, bundan sonra ölkəmizə qarşı çoxvektorlu təzyiq siyasətini işə saldılar”.

“ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycanla bağlı söylədikləri bir daha təsdiq edir ki, Amerika Ermənistanın hamisi rolunda çıxış edir. Azərbaycana qarşı təzyiqlərin daha bir səbəbi isə ölkəmizin müstəqil siyasət yürütməsi, bəzi dövlətlərdən fərqli olaraq, okeanın o tayından gələn sifarişləri icra etməkdən imtina etməsi ilə bağlıdır. ABŞ təzyiqlər yolu ilə Ermənistanda olduğu kimi, Azərbaycanı da öz siyasi oyunlarına alət etməyə çalışır”, - deyə həmsöhbətimiz söyləyib.

Məmmədov əlavə edib ki, Ukraynadan sonra Ermənistandan Rusiyaya qarşı ikinci cəbhə açılır: “Beynəlxalq münasibətlər sistemi gərgindir. Qərb və anti-Qərb koalisiyaları arasında mübarizə şiddətlənib. Belə bir həssas şəraitdə öz müstəqilliyini qorumaq, tərəf olmamaq böyük siyasi iradə tələb edir və Azərbaycan heç kimin ruporu olmadığına görə, ABŞ və Qərbin təzyiqlərinə məruz qalır. Ermənistan isə birmənalı şəkildə Qərbin sifarişlərini icra edir. Azərbaycan haqq işini davam etdirir və cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, heç bir təzyiq ölkəmizi öz haqlı mövqeyindən döndərə bilməz. Bu cür təzyiqlər dəfələrlə olsa da, heç bir nəticəsi olmayıb. Bundan sonra da olmayacaq”.

Politoloq Şahin Cəfərli isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, Ermənistanla ABŞ və Qərb dünyası arasında münasibətlər inkişaf edir: “Hətta yeni mərhələnin də başlandığını söyləyə bilərik. Dərindən analiz etdikdə görürük ki, münasibətlər müvəqqəti deyil, strateji xarakter daşıyır. Ermənistan məlum səbəblərdən Avropa İttifaqı və NATO-ya üzvlük kimi hədəflər qoymur. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını və Rusiya hərbi bazalarını ölkəsindən uzaqlaşdıracağını bəyan etmir. Bu da, heç şübhəsiz, təhlükəsizlik riskləri və Rusiyadan iqtisadi asılılıqla bağlı olan məsələlərdir”.

“Paşinyanın son vaxtlar daxildə dəstəyi nisbətən azalsa da, ictimaiyyət rusmeylli deyil, qərbmeylli siyasi qüvvələri alternativ qismində görür. İrəvanda keçirilən son mer seçkiləri bunun təsdiqi rolunda çıxış edir. Görünən odur ki, artıq Ermənistanda Qərbə yönəlik əhval-ruhiyyə hökm sürür və bu da öz növbəsində Rusiyanı qıcıqlandırır”, - deyə analitik vurğulayıb.

Cəfərlinin fikrincə, Rusiya ermənilərə ona görə lazım idi ki, işğal etdikləri Qarabağı əllərində saxlasınlar: “Azərbaycanın işğala son qoymasından və Moskvanın da paradiqma dəyişikliyinə gedib türk faktoru ilə strateji tərəfdaşlığa üstünlük verməsindən sonra Rusiyanın ermənilər üçün hər hansı cazibəsi qalmayıb. Təbii ki, belə bir şəraitdə ABŞ və Qərb də Ermənistana dəstək göstərməyə çalışır. Azərbaycana qarşı məlum təzyiqlər də məhz bundan qaynaqlanır”.

Müəllif: Azər Niftiyev