ÜST: “Omicron”dan ölüm halları yüksək deyil

Xəbərlər

11.01.2022 - 15:44

Hans Kluqe: “Əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslər də “Omicron”a yoluxa bilər”

Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un Omicron ştamı qeydə alınıb. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Omicron” ştammı artıq Qərbi Avropada ən çox yayılan virusa çevrilir və indi Balkanlarda yayılmaqdadır: “ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştamm belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində regionda əhalinin 50%-dən çoxu “Omicron”a yoluxacaq”.

ÜST rəsmisi vurğulayıb ki, bu ştamm çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil: ““Omicron” insan hüceyrələrinə daha asan yapışan mutasiyadır. Ona görə də hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslər də “Omicron”a yoluxa bilər. Ancaq bir daha qeyd edim ki, hazırda təsdiqlənmiş peyvəndlər “Omicron” da daxil olmaqla ağır xəstəliklər və ölümlərə qarşı yaxşı qorunma təmin edir”.

Müəllif: Ayna.az