Vüqar Bayramov: “Vladimir Zelenski iki ölkə arasındakı əlaqələrin genişlənməsi üçün baza yaratmağa çalışır”
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanda rəsmi səfərdə oldu. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bir sıra məsələlər müzakirə edildi. Xüsusilə iqtisadi-ticari əməkdaşlıq məsələləri ön plana çəkildi.
Ukrayna Prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ölkəsindəki fəaliyyətindən danışıb: “SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”.
Zelenski onu da əlavə edib ki, Azərbaycanın "Bakcell" mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır: “Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya əlavə sərmayə yatırsın”.
Görüşün iqtisadi yekunlarını AYNA-ya şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov Ukraynanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu deyib: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Ukraynada ticarət dövriyyəsini artrmaqda davam edir. Son iki ildə Azərbaycanın Ukraynadakı iqtisadi dövriyyəsi 860 milyon dollara yaxınlaşıb. Bu illərdə ticarət dövriyyəsinin dəyişməsinə fikir versək, təxminən 3 dəfəyə yaxın artım müşahidə olunur. Bu isə ondan xəbər verir ki, ölkələr arasında ticarət dövriyyəsinin ümumi həcmində artım var”.
Mərahim Nəsib