Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır – FOTO, VİDEO

Dünya

15.04.2022 - 18:18

İdrak Camalbəyli: “İşğalçılar hər yeri minalayıblar, kartofun altından, su çənindən mina çıxır”

Xəbər verdiyimiz kimi, Rusiyanın Belqorod vilayətinin Juravlevka kəndi Ukrayna istiqamətindən atəşə tutulub. Bununla bağlı Belqorod qubernatorluğu informasiya yayıb. Məlumata görə, evlərə zərər dəyib, ölən və yaralanan yoxdur.

Eyni zamanda, Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub. Bu barədə isə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko açıqlama verib.

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç də Rusiya donanmasının flaqmanında baş verən yanğınla bağlı məlumat verib. Onun sözlərinə görə, “Moskva”da 510 ekipaj üzvü var və yanğının aradan qaldırılması fırtına səbəbindən çətinləşib.

Arestoviç “Moskva”nın Zmeynıy adasının müdafiəçilərinin təslim olmasını tələb edən “döyüş gəmisi” olduğunu təsdiqləyib. Xatırladaq ki, “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsidir.

Fevralın 24-dən başlayan Rusiyanın Ukraynaya qarşı hücumları davam edir və müharibənin 51-ci günündə rus ordusu da böyük itkilər verməkdədir. Hətta Ukraynanın Rusiyaya qarşı cavab addımları və müharibənin Rusiya içərilərinə “ayaq açması” yeni mənzərə formalaşdırır.

Baş verən son hadisələr barədə AYNA-ya Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli danışıb.

- “Moskva” kreyserinin “Neptun” raketləri ilə vurulmasını, habelə Juravlevka kəndinin atəşə tutulmasını müharibənin Rusiya ərazilərinə sıçraması kimi qiymətləndirirlər. Müharibədə dönüş baş verir?

- Ukrayna bu gün Rusiyanın hücumlarından müdafiə olunur. Rus qoşunları müharibənin ilk günlərindən beş istiqamətdə hücuma başlamışdı. Müəyyən dövrdən sonra bu hücumların qarşısı alındı. “Moskva” kreyserinin vurulmasını əslində Ukraynanın hücuma keçməsi yox, müdafiə olunması kimi qiymətləndirmək daha doğru olardı. Çünki bu, müdafiə xarakterli bir addımdır. Müharibənin ilk günlərində Rusiya ordusu “İlan adası” deyilən ərazidə Ukrayna hərbçilərini əsir götürüb, qətlə yetirmişdi. Rusiya ordusuna məxsus bu gəmi ilk gündən müharibədə aktiv iştirak edirdi və Ukrayna ərazilərini bombardman edən gəmilərdən biri idi. Bütün hallarda Ukraynanın hüququ var ki, Rusiyaya qarşı cavab hücumuna keçsin. Çünki Rusiya artıq iki aya yaxındır ki, onun ərazilərini bombardman edir. Bu baxımdan bunun baş verməsi yaxşı olardı. Nəhayət, Moskva da başa düşərdi ki, başqasının ərazisinə girməyin bədəli ağır olur.

- Hazırda Ukraynada vəziyyət nə yerdədir?

- Kiyevdə artıq həyat yenidən öz axarına qayıdıb. İnsanlar evlərinə dönüblər, şəhərdə bütün infrastruktur tam şəkildə fəaliyyət göstərir. Müharibə dövründə bir çox yerlərin fəaliyyəti qapansa da, bir həftədən artıqdır ki, bu yerlər açılmağa başlayıb. Artıq ictimai nəqliyyat da fəaliyyətini tam bərpa edib. Metro gün ərzində sərnişinlərə xidmət göstərir. Buna baxmayaraq, müharibə davam edir. Əsasən ölkənin şərq hissəsində - Luqansk, Donbass, Xerson, Mariupl, Odessa, Zaporojye və digər şəhərlərə demək olar ki, rus ordusu hər gün hücum edir. Bu şəhərlər hər gün raket atəşinə məruz qalır. Kiyevin özündə isə sakitlikdir. Müəyyən təhlükə zamanı həyəcan sinqalı verilir və əhali bu barədə xəbərdar olunur.

- İqtisadi vəziyyət necədir, qıtlıq yaşanırmı?

- Bir müddət müharibə ilə əlaqədar iş yerlərinin çoxu bağlansa da, artıq insanlar öz işinə qayıdırlar. Əhalinin işləmədiyi dövrlərdə Ukrayna hökuməti onlara kompensasiya verir, müəyyən yardımlar ayırırdı. Hazırda qeyd etdiyim kimi, hər şey qaydasındadır. Müharibənin qızğın dövrlərində dərman təhcizatında müəyyən problemlər yaransa da, artıq apteklər də fəaliyyət göstərməyə başlayıb. O cümlədən marketlər də tam gücü ilə fəaliyyətdədir. Dükanlarda heç bir qıtlıq yoxdur. Qiymətlərdə də artımlar qeydə alınmır. Müharibədən əvvəl necə idisə, hazırda da vəziyyət eyni cürdür. Əksinə, ərzaq və qeyri-ərzaq məhsulları artıb, iqtisadiyyat tam gücü ilə bərpa olunur. Dükanların qarşısında olan növbələr də artıq yoxdur. Hər kəs rahat şəkildə istədiyi məhsulu əldə edə bilir.

- Azərbaycan səfirliyinin fəaliyyəti nə yerdədir?

- Hazırda Azərbaycan səfirliyi Lvov şəhərində fəaliyyət göstərir. Müharibə başlamamışdan qabaq səfirliyin fəaliyyətində müəyyən axsamalar yaranmağa başladı. Bu, o dövr idi ki, böyük dövlətlər öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırdı. Soydaşlarımızla Ukraynadakı səfirliyimiz arasında elə dərin ziddiyyətli məqamlar yoxdur. Müəyyən narazılıqlar olsa da, bu, xaotik xarakter daşımır. Baxmayaraq ki, bəzi diplomatik korpuslar artıq Kiyevə qayıdıb, Azərbaycan səfirliyi hələ də Lvovdadır. Oradan tam fəaliyyətini davam etdirir.

- Ukraynada özünüzün hazırkı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Dünən Makarov, Andreyevka şəhərlərində oldum. Müharibənin qızğın dönəmlərində bu şəhərlər rus ordusunun ən çox hücumuna məruz qaldı. Çünki məhz bu istiqamətlərdən ruslar paytaxt Kiyevə daxil olmaq istəyirdilər. Ən ağır və şiddətli döyüşlər gedib bu şəhələrdə.

Bundan öncə isə Buça və İrpen şəhələrində oldum. Dünyanın ən böyük yük təyyarəsi “Mriya”nın (“Мрія”) vurulduğu ərazidəydim. Evlər bərbad haldadır, hər yer dağıdılıb. Öldürülüb basdırılan insanların cəsədlərinin axtarışı davam edir. Evində olduğum ailənin xanımını və uşaqlarını qətlə yetiriblər. Dəhşətli mənzərədir. Bu, əsl müharibə cinayətidir.

Rus ordusu qovulduqdan sonra bir çox ərazilər minalanıb. Təsəvvür edin ki, hara gəldi mina basdırıblar. Sürpriz minalar qoyulub, kartofun altında, su çənində, hər yerdə partlayıcı maddələr yerləşdirilib. Ukrayna rəhbərliyi bunu nəzərə alaraq, əhalini hələlik o istiqamətlərdə evlərinə qayıtmağa tələsməməyə çağırır. Minalardan təmizləmək üçün zaman tələb olunur və hazırda bu istiqamətdə hökumətin fəaliyyəti davam edir. Hər gün insanlar evlərinə dönür və müharibə qorxusu artıq tamamilə aradan qalxıb.

Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır – Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır – Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır – Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır – Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır – Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır – Ukraynada geridönüş: ruslar qovulur, şəhərlər canlanır –
Müəllif: Azər Niftiyev