Ukraynada azərbaycanlılar və Krım tatarları iftar süfrəsi təşkil ediblər - VİDEO

Xəbərlər

18.03.2024 - 11:09

İftar süfrəsində Krım tatarlarının lideri Mustafa Cəmiloğlu da iştirak edib

Ukraynadakı ən böyük diaspor nümayəndələri - azərbaycanlılar müqəddəs Ramazan ayının 7-ci günündə Krım tatarları ilə birgə iftar süfrəsi təşkil ediblər. AYNA xəbər verir ki, iftar süfrəsində Krım tatarlarının lideri Mustafa Cəmiloğlu da iştirak edib.

Azərbaycan diasporunun fəalı Yalçın Qəhrəmanoğlu çıxışı zamanı deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin davam etdiyi vaxtda Ukraynada yaşayan müsəlmanlar oruclarını tutur, ibadətlərini edirlər: “Burda bu adətləri qoruyan əsasən yerli və köklü xalqlardan olan Krım tatarlarıdır. Həmçinin ən böyük diasporaya malik toplum olaraq biz azərbaycanlılar da Mustafa Cəmiloğlunun öndərliyi ilə orucumuzu tutub, iftarımızı açırıq. Dualarımız çoxdur və ən vacibi isə bu işğalçı müharibənin durması, torpaqların, Krımın azad olmasıdır. İnanırıq ki, Qarabağın azadlığına nail olduğumuz kimi, Krımı və digər işğalda olan Ukrayna torpaqlarını da azad edəcəyik”.

“Bu torpaqlarda 2 milyon müsəlman yaşayır və onlara öndərliyi də Krım tatarları edir. Bu gün Ramazan süfrələri açan, oruc tutan qardaş-bacılarımıza təşəkkürümüzü bildirir, dualarının qəbul olmasını arzulayırıq. Amin!”, - deyə Qəhrəmanoğlu fikrini tamamlayıb.

Müəllif: Ayna.az