Prezident ağdaşlılar üçün 4 milyon manat ayırıb

Xəbərlər

29.10.2019 - 15:32

Dövlət başçısı rayonla bağlı iki sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilmiş, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə “Ağdaş” yarımstansiyası yenidən qurulmuş, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

 

1. Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

 

Bundan başqa ölkə başçısı Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Müəllif: Ayna.az