O yenə sözünə sadiq qalır – Vətən səmasındakı qara buludları yox edir, həm də əbədi Vətən səmasına qovuşaraq
Xəbərlər üçün axtarışlar edəndə təsadüfən qarşıma bir video çıxır. Bəyaz gəlinlikdə, gözlərindəki işıltıdan sevgisi aydın sezilən xanımın “bəli” dediyi kadrlar qəribə bir fikir oyadır düşüncəmdə. Həyatımızın ən böyük gerçəyini xatırladır mənə: “Hər şey bir sözlə, söz verməklə başlayır. Qələbəni yaşadan qəhrəmanların hekayələri də”.
Unudulmayan vədlərlə dolu bu hekayənin ilk səhifəsi uşaqlıqda yazılır. İlk dəfə anasına söz verir o:
“– Oğlum, get oyna, amma çox gec gəlmə, yaxşı?”.
“– Yaxşı, ana, söz verirəm”.
İkinci dəfə isə dostları ilə gizlənqaç oynayanda söz verir:
“– Bax ha, gözünü bərk-bərk yum”.
“– Söz verirəm, açmayacam”.
Vaxt keçir. Balaca qəhrəman artıq böyüyür. Onun verdiyi sözlər bu dəfə “Səndən ötrü can verməyə cümlə hazırıq” deyən əsgər andına çevrilir. Ancaq o bu sözü verdiyi vaxtda, həyatını birləşdirəcəyi qəlb dostuna da vəd vermiş olur.
Nəhayət, sayılı günlər keçir. Vədlərinə xilaf çıxmayan iki qəlb dostu ömürlük söz verir bir-birinə. Gələn ilin payızı isə onların həyatını tamam dəyişir. Hekayənin qəhrəmanı həmin payızın gətirdiyi həyəcanı xoş sədaya çevirmək üçün yola düşür. O yenə sözünə sadiq qalır – Vətən səmasındakı qara buludları yox edir, həm də əbədi Vətən səmasına qovuşaraq.
Bəs onun yolunu həsrətlə gözləyən, vəfalı qəlb yoldaşına verdiyi sözü necə? Bu sualın cavabını gözündəki kədəri məğrur təbəssümü ilə gizlədən vəfalısının baxışları verir. O, yanındakı fidanın əlindən tutub qəhrəmanın ruhuna pıçıldayır: “Mən keçmədim sərhədləri, sözləri incə seçdim”.
Əhdinə sadiq qalan qəhrəmanın ruhu da dilə gəlir:
“Tutdum bütün vədləri,
Sevdim özümdən keçib...”.
Müəllif: Günel Natiqqızı