Türkiyədə seçkilər təxirə salınarsa... – Zəlzələ “siyasi sunami” doğurur

Aktual

14.02.2023 - 10:16

Fərhad Məmədov: “İctimaiyyətdə inam mövcuddur ki, məhz Ərdoğanın rəhbərliyi altında bu problemdən xilas olmaq mümkün olacaq”

Xəqani Cəfərli: “Ərdoğan Türkiyəni bu böhrandan xilas edə bilməyəcək - o, bunu nəzərə almalı və getməlidir”

Türkiyədə mayın 14-nə təyin edilmiş seçkilər baş verən dağıdıcı zəlzələyə görə təxirə salına bilər. Bu barədə “TGRT Haber” telekanalı məlumat yayıb. İddia olunur ki, hakim AKP-nin səlahiyyətli komitələrində seçki tarixinin təxirə salınması ilə bağlı hər hansı qiymətləndirmə aparılmayıb. Lakin artıq müəyyən siqnallar gəlməyə başlayıb.

“Digər tərəfdən, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır. Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq”, - deyə məlumatda bildirilir.

Telekanal Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə istinad edir ki, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir.

Bundan əvvəl Türkiyə Prezidenti Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-nə təyin edildiyini bildirib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlər on minlərlə insanın ölməsinə və yaralanmasına səbəb olub. Dağıntılar ölkənin 10 şəhərini əhatə edib.

Bu arada Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi olacağı ehtimal olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu zəlzələ ilə bağlı açıqlama verib: “Buna “əsrin bəlası”, yoxsa “əsrin baxımsızlığı” deyək? Kahramanmaraşda baş verən zəlzələlər böyük dağıntılara səbəb olub. İtkilərimiz həqiqətən yüksəkdir. Qorxulu rəqəmlərə çatacaq ölənlərimiz və yaralananlarımız var. Millətimizə təşəkkür edirəm. Hamımız birlikdə bu prosesin öhdəsindən gələcəyimizi düşünürəm”.

Türkiyədə seçkilərin təxrirə salınması ehtimalını AYNA-ya şərh edən Strateji Araşdırmalar Mərkəzinin (SAM) keçmiş direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib ki, zəlzələnin miqyası də dağıdıcı gücü ağırdır: “Fərqli hesabalmalara görə, 6-8 milyon insanın daimi yaşayış yerləri ya dağılıb, ya da orada yaşamaq təhlükəlidir. Belə olduğu təqdirdə, insanlar harasa köçürülməlidir. Türkiyə hökumətinin əsas diqqəti məhz yeraltı təkanların doğurduğu nəticələrin aradan qaldırılmasına yönəlib. Dağıdıcı zəlzələnin iqtisadi nəticələri özünü daha çox ilin sonunda və gələn ilin əvvəlində göstərəcək”.

“Bu baxımdan seçkilərin təxirə salınması Türkiyə iqtidarı üçün də məqsədəuyğun deyil. Digər tərəfdən, Türkiyə hökuməti beynəlxalq dəstəklə bağlı ciddi addımlar ata, zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində mühüm işlər görə bilər. Yəqin ki, qarşıdakı həftələrdə seçkilərlə bağlı mühüm qərarlar qəbul ediləcək”, - deyə həmsöhbətimiz söyləyib.

Ekspertin sözlərinə görə, zəlzələdən qabaq Ərdoğanın reytinqi yüksək idi: “Xüsusən kürd əsilli seçicilərin də ona dəstək verəcəyi gözlənilirdi. Hansı ki, bu seçicilər qarşıdakı seçkilərdə həlledici rola malik olacaq. Şübhəsiz ki, zəlzələnin doğurduğu nəticələr bu şansları bir qədər azaldır. Lakin bununla yanaşı, Türkiyə ictimaiyyətində inam mövcuddur ki, məhz Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu problemdən xilas olmaq mümkün olacaq”.

“Xüsusən ana müxalifət partiyası olan - Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunun iqtidarda təmsil olunmaması Ərdoğana olan bu etimadı artırır. Seçkilərin nəticələrinə dair qəti proqnoz vermək mümkün deyil. Türkiyə demokratik dövlətdir və xalq kimə səs verəcəksə, həmin şəxs də dövlət başçısı seçiləcək”, - deyə Məmmədov vurğulayıb.

Politoloq Xəqani Cəfərli isə AYNA-ya açıqlamasında qeyd edib ki, əgər seçkilər təxirə salınarsa, Türkiyə ictimaiyyəti bu qərara kəskin etiraz edəcək: “Türkiyə qanunvericiliyinə görə, müharibə və digər ağır hallar istisna olmaqla, seçkilərin təxirə salınması yolverilməzdir. Görünən odur ki, Türkiyədə baş verən zəlzələnin nəticələrini də ağır hallar kateqoriyasına aid edə və bununla da seçkilərin vaxtını bir il uzada bilərlər. Çünki qanunvericilikdə ağır hallar deyərkən nələrin nəzərdə tutulduğu aydın şəkildə təsbit olunmayıb”.

“Qanunda boşluqlar var və Türkiyə iqtidarı bundan istifadə edə bilər. Bunun üçün Türkiyə parlamenti qərar verməlidir. Qanunverici orqan buna qərar versə də, hüquqi cəhətdən zəmin yaransa da, bu qərar siyasi və mənəvi cəhətdən legitim olmayacaq. Çünki istənilən qanunun və hüququn cəmiyyətdə legitimlik qazanması labüddür”, - deyə müsahibimiz bildirib.

O, hesab edir ki, bu qərar Türkiyə ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanacaq: “Türkiyə tam demokratik ölkə olmasa da, demokratik mexanizmlər işləkdir. Burada hakimiyyətlər seçki yolu ilə dəyişir. Əgər bunu aradan qaldırmağa çalışsalar, çox fəlakətli nəticələr ortaya çıxa bilər. Bu halda tamamilə mümkündür ki, Türkiyə cəmiyyəti hakimiyyəti etirazlar yolu ilə dəyişsin”.

Politoqun sözlərinə görə, Türkiyənin siyasi hakimiyyəti demokratik dəyişikliklərə şərait yaratmalıdır: “Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələnin fəsadları ağırdır və bunu aradan qaldırmaq asan olmayacaq. Bu baxımdan Türkiyənin həm daxilində, həm də xaricində etimad qazanmış iqtidarın formalaşmasına ehtiyac var. Açıq şəkildə söyləmək olar ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni bu böhrandan xilas edə bilməyəcək. İstər daxildə, istərsə də beynəlxalq miqyasda ona etibar edilmir. Dünya Bankının zəlzələ ilə bağlı ayırdığı 1,8 milyard dollarlıq yardımın Türkiyə hökumətinə deyil, bələdiyyələrə yönəlməsi bunun bariz nümunəsidir”.

“Yəni, beynəlxalq təsisatlar Ərdoğan hökumətinə etimad göstərmir. Etimad yoxdursa, heç kim qardaş ölkəyə sərmayə və ya kredit verməyəcək. Türkiyənin bu zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 100-150 milyard dolarlıq kreditə ehtiyacı var. Bunu da Ərdoğan hökumətinə heç kəs verməyəcək”, - deyə politoloq diqqətə çatdırıb.

Cəfərli Ərdoğanın siyasi hakimiyyəti qorumaqda israrlı olduğunu deyib: “Amma onun siyasi hissiyatı da güclüdür. Hiss etməlidir ki, nəyin bahasına olursa-olsun, hakimiyyəti qorumaq qərarı onun üçün də, Türkiyə ictimaiyyəti üçün də ağır nəticələrə səbəb olacaq. Bunu nəzərə almalı və getməlidir. Seçkiləri təxirə salmaq yox, əksinə, prosesin normal qaydada getməsinə şərait yaratmalıdır. Əks halda Türkiyənin daxilində vəziyyət daha da pisləşəcək. Siyasi mühəndislik və öz mənafeyinə uyğun siyasi oyunlar onun özü üçün də təhlükəli situasiyaya gətirib çıxara bilər. Bu baxımdan ətrafı onu inandırmalı və demokratik seçkilər keçirməyə təşviq etməlidir. Yalnız bu yolla Türkiyə siyasi və iqtisadi böhrandan xilas ola biləcək”.

Müəllif: Azər Niftiyev