Paşinyan Qarabağ bəyanatı barədə: “Putin bu fikrimə çox təəccübləndi”

Aktual

29.11.2020 - 21:24

“Şuşanın Azərbaycana qaytarılması məsələsini təsəvvür etmədiyimi Putinə dedim”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat haqqında yeni açıqlama verib. AYNA xəbər verir ki, Paşinyan bəyanatın imzalanmasından əvvəl Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarının bəzi detallarından danışıb.

 

Baş nazir “Facebook” hesabında yazıb ki, o, Rusiya Prezidentinə zəng edib: “Vladimir Putinə zəng etdim. Mənə dedi ki, onun fikrincə, razılaşma Rusiyanın təkliflərinə uyğun olmalıdır. Yəni Dağlıq Qarabağın status məsələsi təxirə salınmalı, rayonlar Azərbaycana qaytarılmalı və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir. Mən isə dedim ki, sülhməramlılar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və Laçın dəhlizinin sərhədləri boyunca yerləşdirilməlidir”.

 

Paşinyan vurğulayıb ki, bir gün sonra Putin ona zəng edib: “Rusiya Prezidenti zəng etdi, dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Hadrutdan və Talışdan çəkilmək niyyəti yoxudur, faktiki təmas xətti boyunca sülhməramlıların yerləşdirilməsinə razıdır”.

 

“Biz də, azərbaycanlıların Şuşaya qayıtması ilə bağlı öhdəlik götürməli idik. Bu şəkildə atəşkəsə razılaşa bilməzdim. Çünki Hadrut məsələsi ilə razılaşsam da, Şuşanın Azərbaycana qaytarılması məsələsini təsəvvür etmədiyimi Putinə dedim. Rusiya Prezidenti bu fikrimi eşidəndə çox təəccübləndi. Problem onda idi ki, bu vəziyyətdə Şuşada azərbaycanlı əhalinin sayı 90 faizi keçir və Xankəndiyə gedən yola nəzarət edəcəkdi”, - deyə Paşinyan qeyd edib.

Müəllif: Ayna.az