Etiraz aksiyalarında iştirak edənlərdən 1133-ü həbs olunub
Türkiyə polisi 19-23 mart 2025-ci il tarixləri arasında keçirilən etiraz aksiyaları ilə əlaqədar 1133 nəfəri saxlayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə martın 24-də Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“Qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən 1133 nəfər saxlanılıb. Tutulanlar arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi olan şəxslər müəyyən edilib”, Yerlikaya “X” sosial şəbəkə hesabında yazıb.
Etirazlar zamanı 123 polis əməkdaşı yaralanıb. Nümayişçilərdən soyuq silahlar müsadirə edilib.
“Etirazçılar toplaşma və nümayiş hüququndan sui-istifadə edir, ictimai asayişi pozmağa çalışır, küçə hadisələrini təhrik edir və polisimizə hücum edir”, Yerlikaya vurğulayıb.
Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, saxlanılan şəxslər narkotik vasitələrin saxlanması, oğurluq, dələduzluq, cinsi təcavüz və qəsdən sağlamlığa zərər vurma kimi 17 müxtəlif cinayətdə şübhəli bilinirlər.
Hakimiyyət vətəndaşları təxribatlara uymamağa çağırıb. Nazir ictimai asayiş üçün istənilən təhlükənin qarşısı alınacağını qeyd edib.