Türkiyədə böyük məyusluq: “Dövlət baba” sözünü tutmur

Maraqlı

25.04.2020 - 19:00

Pandemiyadan əziyyət çəkənlərə dövlət arxa çıxacağına bəyan etsə də, vədlər yerinə yetirilmir

 

Türkiyənin böyük şəhərlərində aprelin 23-də 4 günlük küçəyə çıxma qadağası tətbiq olunub. AYNA “ev həbsi” kimi də dəyərləndirilən bu günlərdə qardaş ölkədəki həmvətənlərimizin və oranın vətəndaşlarının vəziyyəti ilə maraqlanıb.

 

İstanbulda yaşayan jurnalist Mayis Əlizadə: “Türkiyə əvvəl statistikaları Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına uyğun vermirdi, hökumət də səhiyyə sahəsində əsas QHT olan Türk Təbiblər Birliyini bu işdən kənarda tuturdu, elə indi də tutur. Türk Təbiblər Birliyi Ümumdünya Səhiyyə Təşkilatına şikayət etdi, beynəlxaq təşkilat da Türkiyəyə xəbərdarlıq etdi. Ertəsi gün rəqəmlər yüksəldi. Vətəndaşlara yardımlar nəzərdə tutulurdu. Bu işin ən düzgün yolu isə yardımların bələdiyyələr tərəfindən verilməsi idi. Amma ölkə rəhbəri Ərdoğan CHP-dən olan bələdiyyələrdən qorxduğuna görə buna imkan vermir, indi də daim müxalifəti günahlandırır. Fəhlələrin, məmurların haqlarını müdafiə edən həmkarlar təşkilatlarına da yardımlarla bağlı icazə verilmir. Dörd gün küçəyə çıxmamaq siyasi qərardır, orucluq gəlir, 1-2 dəfə də belə edəcək, mayın 20-dən sonra deyəcək ki, “virusa özüm qalib gəldim”. Üç gün əvvəl biabırçılıq yaşandı, Səhiyyə Nazirliyinin gündəlik açıqlamasından əvvəl, “Sabah” qəzeti (Prezidentin kürəkəninin qardaşınındır) gündəlik rəqəmləri açıqladı, məlum oldu ki, statistika düz deyilmiş. İqtidar bu məsələni müxalifətə qarşı mübarizəyə çevirməyə çalışır, ancaq gücü çatmır. Pul yoxdur, yığılan yardımlar necə xərclənir - bu barədə məlumat vermirlər. Mərkəzi Bank gizli pul çap edib, onu da demirlər, xaricdən gələn parfümeriya və başqa məhsulların vergisini 40% artırıblar ki, valyuta çıxmasın. Bu işlə bağlı ən təsirli mübarizəni Türk Təbiblər Birliyi aparacaqdı və böyük bələdiyyələr, həmkarlar təşkilatları yadımlar təşkil edəcəkdi. Amma Ərdoğan hökuməti və Daxili İşlər Nazirliyi hər şeyə blok qoyub. Başqa sözlə, siyasi oyunlar vətəndaşlara dəstəyin verilməsinə böyük əngəllər yaradır”.

 

Antalyada yaşayan Aysel Abdullazadə: “Türkiyənin 31 iri şəhərində qadağa davam edir. Marketlər, çörək bişirilən sexlər açıqdır. Saat 09-dan 14:00-a qədər istədiyini ala bilərsən. Avtomobildən istifadəyə qadağa var. Əgər hər hansı vəziyyət yaranarsa, uşaq xəstələnərsə, ya başqa vəziyyət yaranarsa, polisə zəng etmək lazımdır. Polis ehtiyac olsa, təcili tibbi yardımı çağırır və ya küçəyə çıxmaq lazımdırsa, sənəd verir. İşləyən insanlar izn sənədi olmadan küçəyə çıxa bilməzlər. Üzüldüyümüz bir məsələ var ki, sərt karantinin ilk günü Türkiyədə 23 aprel Uşaq Gününə təsadüf etdi. Hər il Türkiyə bu tarixi günü böyük təntənə ilə keçirirdi. Uşaqlarımız da builki tədbirlərini təxirə saldılar. Uşaqları evdə saxlamaq çətin olur. Bizim kimi evinin qarşısında uşaq parkı olan ailələr üçün bu, lap çətindir”.

İzmirdə yaşayan Aygün Fərəcova: “Dörd günlük sərt karantin əvvəlki vəziyyətimiz kimi davam edir. Əvvəlki günlərdə də demək olar, küçəyə çıxmırdıq. Bizim qəsəbənin sosial şəbəkədə səhifəsi var. İstəklərimizi ora bildiririk. Qəsəbədə fəaliyyət göstərən çörək sexlərinə müraciət edəndə qapı-qapı çörəyi paylayırlar. Kafelər, restoranlar da fəaliyyətdədir. Onlar da sifarişli qurublar işlərini. Çox adam çörəyini özü bişirir, yaşadığm yerdə həyət evləri, evində dədə-baba daş təndirləri olan çoxdur. Marketlər, ərzaq mağazaları da insanları başa düşür, nisyə mal alanlar da çoxdur. İş adamları, imkanlı insanlar aztəminatlı ailələrə maddi dəstək verirlər. Misal üçün, yaxınlıqda zeytun yağı istehsal edən zavod var, ora da bizim qəsəbədəki insanlara pulsuz məhsullarından paylayıb. Qəsəbəmizin icra nümayəndəsi bütün günü insanları dinləyir, dəstək verir. Dövlət tərəfindən deyilən dəstəklər isə hamısı boş imiş. İşsizlərə deyilmişdi ki, dəstək veriləcək. Təəssüf ki, hələ də verilən vədlərin heç biri tutulmayıb. İcbari sığorta, vergisi olanlara, kirayə, başqa aylıq ödənişlərə görə vətəndaş dövlət tərəfindən heç nə görməyib. TV kanallarda pafoslu danışırlar sadəcə. İnsanlar çox halda bir-birilərinin ümidinə qalıblar. Yaxşı ki, biz qəsəbə tipli ərazidə yaşayırıq, iri şəhər mərkəzində yaşayanlar daha çox çətinlik çəkirlər. Bir müddət əvvəl hər kəsin qibtə etdiyi Türkiyənin Səhiyyə naziri indi artıq çox dəyişib, əvvəllər daha tutarlı danışırdı, indi qarşısına nə mətn qoyurlar, onu deyir. Biz ona, siyasi baxışı nə olur-olsun, hörmət və etibar edirdik. İndi artıq hər axşam çıxışında, jurnalistlərin sualları qarşılığında hər məsələni siyasətə bağalayır. Bir misal deyim. Bizə keçən həftələrdə deyilmişdi ki, telefonlara xüsusi şifrələr gələcək, həmin şifrə əsasında hər evə adambaşına 5 maska veriləcək, amma 10 gündür biz bu maskanı ala bilmirik. Soruşmuşuq, deyirlər ki, apateklərə maska gəlməyib. Maskasız da küçəyə çıxmaq olmaz, polis o dəqiqə tutur. Maska satışı da bildiyiniz kimi qadağan olunub. Bir sözlə, burada hər şey göründüyü kimi burada gözəl deyil”.

 

İstanbulda yaşayan Muhsin Sarıəli: “Qadağanın birinci günü - 23 aprel Uşaq Günü idi. İndiyə qədər bu tarixi günü bu qədər sönük keçirməmişdik, amma neyləməliyik?! İndi həyət evləri olanlar daha çox xoşbəxt sayılırlar, çünki, ən azı uşaqları həyətdə əyləndirmək olur. Mağazalara gəlincə, günortaya qədər açıqdır, evdə qalanların əsas ehtiyacları ərzaq, gündəlik məhsullardır. Onu da onlayn sifarişlə də almaq mümkündür. Özüm dərman şirkətində işləyirəm, yəni işsiz deyiləm. Həftənin bəlli günlərində işə gedirəm, qalan günlərdə isə evdən işləməli oluram. İşə gedəndə xüsusi sənədimiz var, polis saxlayanda izn sənədi təqdim olunur. Təəssüf ki, karantin müddətində işini itirən vətəndaşlar da oldu. Onlara yardımların verilməsi gecikdirilir, dövlətin bəyan etdiyi yardımlar lazımi ünvanlar üzrə istifadə olunmur. Narazı vətəndaşlar var. Vətəndaşları razı salmaq əvəzinə, yuxarıların başı siyasi çəkişmələrə, polemikalara qarışıb”.

Müəllif: Raminə Eyvazqızı