“Trendyol”un fəaliyyəti ilə bağlı narahatlıq və ya “o məmur dərhal işdən qovulmalıdır”

İqtisadiyyat

24.02.2023 - 15:13

İqtisadçı: “Dünyadan bixəbər məmur anlamır ki, onun işi vətəndaşın maraqlarını qorumaqdır”

Azərbaycanda “Trendyol” onlayn alış-veriş platformasının fəaliyyətinin məhdudlaşdırılacağı, fəaliyyətinin dayandırılacağı gözlənilir. Sosial şəbəkə istifadəçiləri arasında bu, böyük ajiotaja və narazılığa səbəb olub. Sosial medianın Azərbaycan seqmentində “Trendyol”un kasıb təbəqə üçün sərfəli olduğu, onun fəaliyyətinin dayandırılmasının düzgün olmadığı vurğulanır.

“Trendyol”un fəaliyyətinin dayandırılması ehtimalı isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının açıqlamasından sonra artıb. C.Süleymanlı "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda çıxışı zamanı deyib ki, rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında onun və həmkarının bir məqaləsi dərc olunub: “Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi”.

Dövlət Xidmətinin rəsmisi bildirib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur.

AYNA xəbər verir ki, REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Xidmət rəsmisinin fikirlərinə etiraz edib: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi Cavid Süleymanlının “Trendyol”un fəaliyyəti ilə bağlı açıqlamasını oxudum. Bu adam işdən qovulmalıdır, çünki açıqlaması sübut edir ki, nə işlədiyi orqandan, nə onun səlahiyyətlərindən, ən vacibi isə nə də məntiqdən xəbəri var”.

“Antiinhisar fəaliyyəti haqqında qanunda deyilir ki, bazarda hökmran mövqedə olan şirkətlərlə məşğul olmalıdırlar, qanunun 4-cü maddəsi: Hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur”, - deyə Cəfərli qeyd edib.

Onun sözlərinə görə, C.Süleymanlı ilk öz işlədiyi orqan haqqında qanunu oxuyub-öyrənməlidir: ““Trendyol” bazarda hökmran mövqe tutan şirkət deyil, klassik anlamda pərakəndə satışla məşğul olan şirkət də deyil – yəni antiinhisarın bu işlə əlaqəsi yoxdur. Hə, işsizlikdən əziyyət çəkirlərsə, getsinlər məsələn, dərman bazarını yoxlasınlar, bu bazarda satış həcminin 50%-nə yaxınına nəzarət edən şirkətlər var.

Cavid Süleymanlı daha sonra deyir: “Azərbaycan bazarındakı pərakəndəçi, “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim, ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var”. Dünyadan bixəbər məmur anlamır ki, onun işi vətəndaşın maraqlarını qorumaqdır, yəni onlar sevinməlidirlər ki, rəqabət var, online satışla ənənəvi satışın rəqabətindən udan vətəndaşlar var. Amma yox, bu məmur rəqabətli mühitdə maraqlı deyil, əksinə rəqabəti “baltalamaqda” maraqlıdır. Deməli vətəndaşın marağını deyil, ölkədə “mall”ların sahiblərinin, onların fantastik icarə haqqlarının, məmurlara bağlı iri yerli satış təmsilçilərinin maraqlarını qorumağa çalışır”.

“Daha bir məsələ odur ki, Türkiyəyə qardaş, dost, strateji müttəfiq deyirlər, amma Türkiyə şirkətləri məsələn, Rusiyada belə daha rahat işləyə bilirlər – bu da kənardan çox qeyri-səmimi görünür. Həm də, online ticarət dünyada 20 ildir sürətlə inkişaf edir, bu tək mal satmaq deyil, bu həm də infrastrukturdur, yeni iş yerləridir, İT sektorunun inkişafı, yeni bilikli kadrlar deməkdir. Hökumət isə belə düşünə bilmir, çünki “sovetləşmiş” məntiqlə yanaşırlar. Yaşları cavan olanlar da belədir, çünki “sovetləşmə” yaş məsələsi deyil, baş məsələsidir”, - iqtisadçı fikrini tamamlayıb.

 

Müəllif: Ayna.az