“Əmin olmalıyam ki, Meksika bizim müqavilələrimizi pozmasın və Texasdakı fermerlərimizə zərər verməsin”
ABŞ Prezidenti Donald Tramp Meksikanı Texasa su təchizatı ilə bağlı 1944-cü ildə imzalanmış müqaviləyə əməl etmədiyi iddiası ilə daha yüksək tariflər və sanksiyalarla hədələyir. AYNA.AZ-ın xəbərinə görə, Tramp “Truth” sosial media hesabında yazıb ki, “Meksikanın 1944-cü il Su Müqaviləsi əsasında Texasa 1,3 milyon akr-fut su borcu var, lakin təəssüf ki, Meksika müqavilədən irəli gələn öhdəliklərini pozur”.
Prezident keçən il Texasdakı yeganə şəkər zavodunun buna görə bağlandığını söyləyib: "Mən əmin olmalıyam ki, Meksika bizim müqavilələrimizi pozmasın və Texasdakı fermerlərimizə zərər verməsin. Meksika razılaşmanın şərtlərinə əməl edənə və Texası su ilə təmin edənə qədər biz nəticələri, o cümlədən tarifləri və bəlkə də sanksiyaları gücləndirməyə davam edəcəyik", - ABŞ Prezidenti bildirib.
Bu arada, Meksika Prezidenti Klaudiya Şeynbaum Trampın mesajına cavab verib və bildirib ki, çərşənbə günü onun administrasiyası ABŞ Dövlət Departamentinə Texasda su təchizatı probleminin həlli ilə bağlı təklif göndərib.
Meksika lideri deyib ki, o, kabinet üzvlərinə dərhal ABŞ Kənd Təsərrüfatı Departamenti və Dövlət Departamenti ilə əlaqə saxlamağı tapşırıb: “Əminəm ki, digər məsələlərdə olduğu kimi, bu məsələdə də razılıq əldə olunacaq”.
Qeyd edək ki, 1944-cü ildə ABŞ-Meksika Su Müqaviləsi Rio Qrande və Kolorado çaylarından suyun paylanmasını tənzimləyir.