Yeni Prezidenti keçmiş Prezidentin dəfn mərasimində iştirak etməyi planlaşdırdırır
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp keçmiş Prezident Cimmi Karterin dəfn mərasimində iştirak etməyi planlaşdırdığını bildirib. AYNA “Golosameriki.com”a istinadən xəbər verir ki, Floridadakı Mar-a-Laqo iqamətgahında Yeni İl gecəsinə gedərkən bu barədə suala Tramp belə cavab verib: “Mən orada olacağam”.
Bazar günü 100 yaşında vəfat edən Karterin anım mərasimi Corciyada yanvarın 4-dən başlayacaq, yanvarın 9-da Vaşinqton Milli Katedralində dövlət səviyyəsində dəfn mərasimi ilə başa çatacaq.
Karterin ölümündən sonra Tramp sosial şəbəkələrdəki paylaşımlarında keçmiş Prezidentə hörmətlə yanaşaraq ölkənin “ona minnətdarlıq borcu olduğunu” yazıb.
“Mən onunla fəlsəfi və siyasi baxışlarda çox fərqli olsam da, onun ölkəmizə dərin sevgi və hörmət bəslədiyini başa düşürəm. O, Amerikanı daha yaxşı bir yerə çevirmək üçün çox çalışdı və buna görə mənim böyük hörmətim var”, Tramp Karter haqqında yazıb.