Yeni Prezident sabiq Prezidentin 78 qərarını ləğv edib: 9 sənəd imzalayıb
ABŞ-ın yeni Prezidenti Donald Tramp stadionda tərəfdarları qarşısında çıxış edərək, ölkə siyasətində əsaslı dəyişiklikləri nəzərdə tutan 9 sənəd imzalayıb. AYNA bildirir ki, bu barədə ABC kanalı məlumat yayıb.
Bildirilib ki, imzalanan qərarlar arasında əvvəlki Co Bayden administrasiyası tərəfindən qəbul edilmiş 78 fərman və memorandumun ləğvi də olub. Bundan əlavə, hökumətin tam nəzarətinə qədər federal idarələr tərəfindən yeni qaydaların qəbul edilməsinə məhdudiyyət qoyulub.
Prezident həmçinin hərbçilər və bir sıra digər kateqoriyalı işçilər istisna olmaqla, dövlət qulluğuna qəbulun dondurulması barədə göstəriş verib.
Sərəncamlardan biri bütün federal işçilərə dərhal uzaqdan işləməyi dayandırmağı və ofislərinə qayıtmağı əmr edir. Tramp həmçinin dövlət qurumlarına ölkədə artan yaşayış bahalaşması probleminin həllinə diqqət yetirməyi tapşırıb. ABŞ-ın Paris İqlim Sazişindən çıxması ilə bağlı rəsmi qərar BMT-yə göndərilən ayrıca məktubda da təsdiqlənmiş mühüm addım olub.
Tramp həmçinin söz azadlığının bərpasına və federal strukturlarda senzuranın ləğvinə yönəlmiş sənəd imzalayıb. Məhkəmə sistemindən əvvəlki administrasiyanın əleyhdarlarına qarşı siyasi mübarizə vasitəsi kimi istifadəsini qadağan edib.
Çıxışını yekunlaşdıran dövlət başçısı tərəfdarlarına minnətdarlığını bildirib və onları tezliklə mühüm müsbət dəyişikliklərin şahidi olacaqlarına əmin edib.