“Artıq Kremlin hücum planlarına işarə edən bir sıra göstəricilər var”
Rusiya Moldovaya hücum etmək qərarına gəlib. Kreml artıq işğal üçün aydın planlar hazırlayıb. AYNA xəbər verir ki, bu barədə nüfuzlu “The Times” nəşri Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat dərc edib.
Nəşrin məlumatına görə, əgər bu, həqiqətən də baş verərsə, o zaman Kreml Donbassla bağlı ssenarini təkrarlaya bilər.
"Biz inanırıq ki, Kreml artıq Moldovaya hücum etmək qərarına gəlib. Moldovanın taleyi çox vacibdir. Əgər ruslar nəzarəti ələ almağa başlasa, biz hərbi baxımdan asan hədəfə çevriləcəyik və Ukrayna üçün təhlükə mövcud olacaq. Əgər Rusiya Dnestryanı bölgənin “müstəqilliyini” tanıyarsa, bu, birbaşa təhdid və Moldovanın ərazi bütövlüyünün pozulması olacaq. Bu, “Donbass ssenarisi”nin təkrarı olacaq. Daha sonra çoxlu sayda silah tədarük edəcəklər, sonra isə onları Rusiyaya birləşdirmək istəyəcəklər”, - deyə kəşfiyyatdakı mənbə bildirib.
İnsayderlər qeyd edirlər ki, artıq Kremlin hücum planlarına işarə edən bir sıra göstəricilər var. Nəşr onu da bildirir ki, Rusiya Federasiyası Moldovanı ələ keçirsə, o zaman işğalçılar Odessaya doğru gedərək qərb tərəfdən Ukraynanı işğal etməyə cəhd edə bilərlər.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, aprelin 25-də Rusiya Federasiyasının xüsusi xidmət orqanları tanınmamış “Dnestryanı Moldova Respublikası”nın “paytaxtı”nda partlayış təxribatları təşkil edib.
Daha əvvəl Rusiya Federasiyası bəyan etmişdi ki, “xüsusi əməliyyat”ın 2-ci mərhələsi zamanı Rusiya Ordusu Donbass üzərində tam nəzarət əldə etməyi planlaşdırır ki, bu, Krıma quru dəhliz yaratmağa və Ukraynanın cənubuna nəzarət etməyə imkan verəcək. “Bu, “Rusiya Silahlı Qüvvələrinə Dnestryanıya daha bir çıxış imkanı verəcək. Burada rusdilli əhalinin sıxışdırılması faktları var”, - bildirilmişdi.