Tehranın notasına Bakının cavab notası və: “Həll üçün birinci addımı İran atmalıdır”

Aktual

04.04.2023 - 10:22

Politoloq: “İran başa düşməlidir ki,  Azərbaycanla münasibətləri eskalasiya səviyyəsinə gətirib çıxarsa, bu, Türkiyənin müdaxiləsi ilə nəticələnəcək”

İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi yeni və daha sərt mərhələyə daxil olub. İki gün əvvəl rəsmi Tehran Bakıya etiraz notası vermişdi. Dünən isə Bakıdan Tehrana nota verilib. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, İranın Azərbaycandakı səfirliyinin XİN-ə ünvanlanmış notası 3 aprel tarixində daxil olub. Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi XİN-ə çağırılıb və İran tərəfinə cavab notası təqdim olunub.

XİN-in mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına dair mətbuatın sualına cavabında deyib ki, İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

“İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir. Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub”, - deyə Hacızadə vurğulayıb.

XİN sözçüsü qeyd edib ki, görüş zamanı İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi qeyd edilib.

Ölkələr arasında diplomatik münasibətlərin kəskinləşməsi prosesləri ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Elşən Məcidov deyib ki, uzun müddət idi İran mediasında Azərbaycana qarşı iftira dolu məlumatlar yayılırdı:

- Son dövrlər isə İran telekanallarında, saytlarında fərqli formatlı qarayaxma kampaniyası aparılır. Bununla yanaşı, Azərbaycana qarşı müxtəlif ekspertlər və rəsmilər səviyyəsində hədələr, təhqirlər gəlməkdədir. SEPAH-ın nəzarətində olan “Telegram” kanallarında Azərbaycana hücumların edilməsi, Azərbaycanın işğal edilməsi ilə bağlı videolar paylaşılırdı, bu, indi də davam etməkdədir. Məlumdur ki, Azərbaycanın xarici siyasətdə atdığı addımlar Tehran rejimi tərəfindən əsəblə qarşılanır. Məsələn, Azərbaycan XİN başçısının İsrailə səfəri İranın təhdidlərinin qat-qat artmasına gətirib çıxardı. Çünki İran istəmir ki, Azərbaycan, Türkiyə və İsraillə hərbi-siyasi əməkdaşlığı artırsın. Tehran bu əməkdaşlığın dərinləşdiyini müşahidə etdiyi an Azərbaycana qarşı hibrid hücuma başladı. Hibrid müharibənin tərkib hissələrindən biri də sözsüz ki, informasiya müharibəsidir. İran əvvəlcə öz daxilində informasiya kampaniyasına başladı. Cəmiyyəti konsolidasiya etmək üçün Azərbaycanı guya sionizmlə əlaqədə ittiham etməyə başladılar. Tehranda anlayırlar ki, başqa ittiham üsulu işləməyəcək. İran cəmiyyətinə deyə bilməz ki, Azərbaycan Türkiyə ilə müttəfiq olduğu üçün onlara təhlükədir. Yaxud da, deyə bilməzlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, ona görə Tehrana təhlükədir. Ən yaxşı yol “sionizm kartı”ndan istifadə etməkdir. Ona görə də “Bakı sionizmlə əməkdaşlıqdadır” yalan kampaniyasını başlatdı və yeni formatda hibrid müharibəyə keçdi.

- Sizcə, İran təkcə informasiya müharibəsimi aparır? Məsələn, deputat Fazil Mustafaya qarşı terror aktını həyata keçirməkdə şübhəli bilinən şəxslərin İranla bağlılıqları üzə çıxıb və ehtimal edilir ki, sui-qəsd Tehrandan gələn göstərişə uyğun həyata keçirilib...

- İran informasiya müharibəsi ilə yanaşı, Azərbaycanda daxili sabitliyin də pozulmasında maraqlıdır. Fazil bəyə qarşı terror aktına iki kontekstdə yanaşmaq lazımdır. Bu, həm diversiyadır, həm də terrordur. Diversiya konkret bir şəxsin və ya obyektin məhvini hədəf götürür. Terrorda isə məqsəd şəxsin və ya obyektin məhvi yox, kütlənin, cəmiyyətin vahimə altına salınmasıdır. Deputata qarşı sui-qəsd həm diversiya, həm də terrordur. Diversiyadır ona görə ki, Fazil Mustafanı fiziki cəhətdən məhv etmək niyyəti olub. Eyni zamanda, Fazil Mustafa həm də deputat olduğuna görə bu, terrordur. Millət vəkili statusunda olan bir şəxsə sui-qəsd millətə və dövlətə qarşı terrordur. Bununla terroru törədənlər göstərmək istəyirlər ki, Azərbaycanda toxunulmaz şəxs yoxdur. Mesaj ötürmək istədilər ki, deputata bunu edə bilirlərsə, hər kəsə bunu edə bilərlər.

- Məqsədlərinə nail ola bildilərmi?

- Məncə, xeyr. Nəticələrə baxmaq lazımdır. Bu hadisədən sonra Bakıda, başqa şəhərlərdə insanlar vahiməyə düşdülərmi? Əlbəttə, yox. Bu gün Bakı küçələrinə baxaq, insanlar normal gündəlik həyatlarına davam edirlər. Terror o zaman nəticə verir ki, ondan sonra cəmiyyətdə xof yaranır. Azərbaycan cəmiyyəti vahiməyə düşmədi. Terroru törədənlər düşünürlərsə ki, bununla dövlətlə cəmiyyət arasında boşluq yarada bildilər, yanılırlar. Əksinə, belə məqamlarda xalq dövlətin ətrafında birləşir. Baxın, deputatına qarşı sui-qəsd insanlar tərəfindən lənətləndi. Bunu görmək üçün sosial şəbəkələrə baxmaq kifayətdir.

- Rəsmi Bakıdan Tehrana verilən diplomatik mesajları necə qiymətləndirirsiniz?

- Azərbaycanın İranla bağlı problemi olmayıb. Yaranan gərginliyin də səbəbkarı Azərbaycan yox, İrandır. Xalqlar arasında ümumiyyətlə, problem yoxdur. Hökumətə gəlincə, İran hökumətinin daxilində SEPAH qruplaşması var ki, problem həmin qruplaşma ilə bağlıdır. Baxmayaraq ki, xarici siyasətlə bağlı qərarları Xarici İşlər Nazirliyi qəbul etməlidir, İranda bunu son illər SEPAH tərəfindən edilir. Hər kəsə məlumdur ki, SEPAH İran rejimi ilə yanaşı, Rusiyanın da güclü təsiri dairəsində olan qurumdur. Azərbaycanın yanaşması ondan ibartətdir ki, bizim sizinlə münasibətləri gərginləşdirmək üçün həfədimiz və səbəbimiz yoxdur. Əksinə, İran Azərbaycan üçün vacib ölkələrdəndir. İran Azərbaycanın dənizlərə, okeana çıxış vasitəsidir. Bu baxımdan, Azərbaycan İranla münasibətlərinin yaxşı olmasında maraqlıdır. Astara-Rəşt dəmir yolunun çəkilməsi üçün Azərbaycan İrana 150 milyon dollar kredit ayırmışdı. Şimal-Cənub layihəsinin əhəmiyyətini təkrarlamağa ehtiyac yoxdur. İkinci Qarabağ müharibəsindən sonra İran ərazisindən yeni dəhlizin çəkilməsi üçün sənəd imzaladı. Ölkələr arasında ticarət əlaqələrində Bakı hər zaman maraqlı olub. Əgər Azərbaycan İranla münasibətlərin gərginləşməsində maraqlı olsaydı bu layihələri həyata keçirməzdi. Azərbaycanın notasının da məğzi ondan ibarətdir ki, Bakı Tehranla münasibətlərin gərginləşməsində yox, konstruktiv həllin tapılmasında maraqlıdır. Amma həll üçün birinci addımı İran atmalıdır. Çünki gərginliyin təşəbbüskarı Azərbaycan yox, İrandır. Əgər Tehran münasibətləri normallaşdırmaq istəyirsə, birinci addımı o atmalıdır.

İran başa düşməlidir ki,  Azərbaycanla münasibətləri eskalasiya səviyyəsinə gətirib çıxarsa, bu, Türkiyənin müdaxiləsi ilə nəticələnəcək. Türkiyə də sadə bir ölkə deyil, NATO-nun əsas dövlətlərindən biridir. İranın Azərbaycana qarşı ciddi addımlar atsa, həm də Türkiyə ilə üz-üzə dayanmalı olacaq. Beləliklə, İranın NATO ilə, eyni zamanda, İsraillə toqquşması qaçılmaz olacaq. Belə bir şəraitdə İranın vəziyyəti yaxşı olmayacaq.

Müəllif: Anar Bayramoğlu