Tehran Ermənistan siyasətində dəyişiklik edəcək? – Əbəs gözlənti

Aktual

30.07.2024 - 13:55

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Düşünməməliyik ki, İranda Azərbaycan səfirliyi fəaliyyətini bərpa etdisə, orada hakimiyyətə azərbaycanlı gəldisə, bu, Tehran-İrəvan əlaqələrinin kəsilməsi ilə nəticələnəcək”

Bu günlərdə İranın Ermənistana yarım milyard dollarlıq silah satması haqqında məxfi müqavilə imzalandığı barədə xarici mediada məlumatlar yayılıb. Düzdür, Ermənistan tərəfi bu barədə informasiyanı təkzib edib. Rəsmi Tehran isə bu iddialara münasibət bildirməyib. Ekspertlərin bir çoxu hesab edirlər ki, Tehranın İrəvana silah satması istisna deyil. Çünki İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə İrandan Ermənistana kifayət qədər silah ötürülüb və bu, faktlarla sübutunu tapıb.

Amma bəzi ekspertlər də hesab edirlər ki, bu məlumat təxribat xarakterli ola, İranla Azərbaycan arasında son vaxtlar münasibətlərdəki müsbət dinamikaya kölgə salınması məqsədilə ortaya atıla bilər.

Məlumdur ki, İranda keçirilən son prezident seçkilərində əslən Azərbaycan türkü olan, Azərbaycana yönəlik müsbət mesajları ilə seçilən Məsud Pezeşkian hakimiyyətə gəlib. Bundan sonra ötən il baş verən terror aktından sonra bağlanan Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edib. Bir sözlə, iki qonşu ölkə arasında münasibətlər müsbət məcraya yönəlib. Bəzi ekspertlər bildirirlər ki, İranın Ermənistana yarım milyard dollarlıq silah satması ilə bağlı müqavilə bağlanması xəbərinin ortaya atılması Bakı-tehran yaxınlaşmasına kölgə salmağa da hesablana bilər.

Mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, burada bir neçə məqama diqqət edilməlidir:

- Əslində Pezeşkian hakimiyyətə gələndə Azərbaycan cəmiyyətində belə fikirlər səsləndi ki, sanki bütün məsələlər həllini tapacaq, İranın Azərbaycanla bağlı siyasəti tamamilə dəyişəcək. Amma unutmaq olmaz ki, İran güclü ənənələri olan dövlətdir. Bu ölkədə bir çox məsələlər Ali Dini Lider Ayətullah Seyid Əli Xameneinin göstərişi ilə həyata keçirilir. Xüsusilə də Tehranın xarici siyasətində Xameneinin göstərişinin önəmi çoxdur. Məsələ burasındadır ki, bu gün İranda islahatçı bir şəxsin hakimiyyətə gəlməsinə böyük ehtiyac var idi. Bu, həm dünyaya “islahat” mesajı vermək üçün, həm də İranın hazırkı ağır sosial-iqtisadi vəziyyətdən çıxması üçün lazım olan addım idi. Demək istəyirəm ki, islahatçıların təmsilçisi Pezeşkianın İran Prezidenti postuna gəlməsi, onun islahatlarla bağlı bəyanatları və müəyyən addımları atacağı zərurətdən yaranır. Yaxın vaxtlarda, andiçmə mərasimindən sonra da İranda yaşayan xalqların hüquqları ilə bağlı addımların atılması gözlənilir. Amma kimsə gözləməsin ki, İranda türk əsilli şəxs Prezident olandan, Tehranla Bakı arasında münasibətlər normallaşandan sonra İranla Ermənistan münasibətlərində ciddi dəyişiklik olacaq. Bu, yanlışdır.  İranın marağı odur ki, bölgədə Ermənistan adlı güclü bir dövlət olsun və bu dövlət İranla sıx əməkdaşlıq etsin. Bu, İranın dövlət siyasətidir.

- İranın bu siyasətində səbəb nədir?

- İran istəyir ki, gələcəkdə, lazım olanda Ermənistandan öz məqsədləri üçün istifadə etsin. Bu, İranın indiki yox, illərdir apardığı siyasətin tərkib hissəsidir. Bu baxımdan, düşünürəm ki, hazırda İran-Ermənistan münasibətlərində heç bir dəyişiklik yoxdur. Əksinə, Tehran-İrəvan münasibətlərinin daha da inkişaf etməsi gözləniləndir. İstisna etmirəm ki, onların hərbi əməkdaşlığı da inkişaf etsin.

Amma yayılan məlumatlara rəsmi Tehran aydınlıq gətirməlidir. Çünki hazırkı vəziyyət məlumatların real olduğunu göstərir. Burada məntiq ondan ibarətdir ki, indi Ermənistan sürətli şəkildə silahlanır. Əgər Ermənistan Fransadan, Hindistandan silahlar alırsa, İrandan da silah alması istisna deyil.

Düzdür, bu gün İranla Azərbaycan arasında münasibətlər normallaşmağa doğru gedir. İran Azərbaycanın qonşusudur, böyük dövlətdir, güclü dövlətdir və biz münasibətləri yaxşı saxlamalıyıq. Amma düşünməməliyik ki, İranda Azərbaycan səfirliyi fəaliyyətini bərpa etdisə, orada hakimiyyətə azərbaycanlı gəldisə, əlaqələr inkişaf edirsə, bu, Tehran-İrəvan əlaqələrinin kəsilməsi ilə nəticələnəcək. Yenə deyirəm, İranın marağı Ermənistanla güclü əlaqələrə malik olmaqdır.

- Yəni ki, türk əsilli Pezeşkianın İran Prezidenti olması heç nəyi həll etmir...

- Burada əsas məsələləri həll edən dini institutdur, onun başında dayanan Ali Dini Liderdir. Bilirsiniz, mən son vaxtlar beynəlxalq tədbirlər çərçivəsində İrandan olan nümayəndələrlə çox ünsiyyətdə oluram. Orada yaşayan Azərbaycan türklərinin məsələlərə bizdən fərqli yanaşmaları var. Onlar deyirlər ki, “İran bizim dövlətimizdir”. Bu, yanlış yanaşma deyil. Onu da bildirim ki, bu gün İranda hakimiyyətdə olanların böyük əksəriyyəti azərbaycanlılardır. Xamenei də, müdafiə naziri Baqiri də azərbaycanlıdır. Amma onların Azərbaycana yanaşması fərqlidir. Onlar hesab edirlər ki, əgər birləşmək lazımdırsa, o zaman Azərbaycan İrana birləşməlidir. Hesab edirəm ki, İran dövlətində yüksək vəzifədə təmsil olunan azərbaycanlıların baxışlarını, mövqeyini nəzərə almalıyıq, ona uyğun gözləntilərimiz olmalıdır.

Amma yenə deyirəm, Pezeşkian İranda yaşayan digər xalqların hüquqları istiqamətində addımlar atacaq və bu, gözləniləndir.

- Məsələn, hansı addımlar atıla bilər?

- Xalqların ana dilində təhsil alması ilə bağlı, xalqlara daha geniş mədəni hüquqların verilməsi ilə bağlı, həbsdə olan müəyyən şəxslərin azadlığa buraxılması ilə bağlı addımlar atıla bilər. Bu gün İran dünya dövlətləri ilə münasibətlərini müəyyən qədər yaxşılaşdırmaq istəyir. Rəsmi Tehran İranla bağlı mənfi beynəlxalq imici dəyişdirmək üçün addımlar ata bilər və bu, mümkündür.

Eyni zamanda, İran türk dövlətləri ilə münasibətləri də yaxşılaşdırmağı planlaşdırır. Regionda baş verən proseslər də İranı bunda maraqlı edir. Mən İran rəsmiləri ilə söhbət edəndə onlar açıq şəkildə bildirirdilər ki, bölgənin ikinci ən böyük türk ölkəsi İrandır. Yəni ki, Türkiyədən sonra türk insanının yaşadığı ikinci ən böyük dövlət İrandır. Amma bu o demək deyil ki, İran bütövlükdə siyasi kursunu dəyişəcək.  

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş