TƏBİB: "Suçiçəyinə qarşı peyvənd meymunçiçəyindən qorumur"

Aktual

27.05.2022 - 19:34

Təbii çiçək xəstəliyinə qarşı vaksin olunan şəxslərdə meymunçiçəyinə yoluxma faizi azdır, lakin...

“Suçiçəyi ilə meymunçiçəyi xəstəliyinin adına görə bəzən yanlış təəssürat yaranır, bu xəstəliyi oxşadırlar”. AYNA xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, bəzən elə təəssürat yaranır ki, bunlar eyni xəstəlikdir və birini keçirmişiksə, digərini keçirməyəcəyik: “Meymunçiçəyi xəstəliyi çiçək virusu ailəsinə aiddir. Həqiqətən də təbii çiçək xəstəliyinə qarşı vaksin olunan şəxslərdə meymunçiçəyinə yoluxma faizi azdır. Lakin suçiçəyi xəstəliyi tamamilə ayrı virus xəstəlikləri ailəsinə aiddir. Suçiçəyinə qarşı peyvənd bizi meymunçiçəyi xəstəliyindən qorumur”.

O qeyd edib ki, meymuçiçəyinin 2019-cu ildə təsdiqlənmiş peyvəndi var: “Bu peyvənd kifayət qədər effektivdir. Lakin indiyə qədər bu peyvənd çox məhdud sayda istehsal olunurdu. Çünki istənilən halda bu peyvəndlər, dərmanlar ehtiyac üzrə istehsal olunur. Bu xəstəliyə yoluxma artarsa, riskli qruplar üçün peyvəndin istehsalı artırıla bilər”.

Müəllif: Ayna.az