“Tarixi ədalət bərpa edildi” - BƏYANAT

Cəmiyyət

17.10.2023 - 13:19

Milli Hərəkatçılar Birliyi bəyanat yayıb, xalqı təbrik edib

“Uzun illərdən bəri işğal altında olan torpaqlarımızın böyük hissəsi Azərbaycan dövlətinin və şanlı ordumuzun 2020-ci ilin payızında apardığı uğurlu Vətən savaşında qazanılan qələbə sayəsində azad edilmişdi. Bu il sentyabrın 19-da gerçəkləşdirilən son əməliyyatla torpaqlarımızın geri qalan hissəsi də tam və qəti şəkildə azad edildi”. AYNA xəbər verir ki, bu sözlər Milli Hərəkatçılar Birliyinin (MHB) torpaqlarımızın düşmən işğalından azad olunması barədə yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda qeyd olunub ki, nəhayət, 15 oktyabr günü dövlətimizin müqəddəs bayrağı başda Xankəndi olmaqla, ətraf qəsəbə və şəhərlərdə dalğalanmağa başlayıb: “Düşmən işğalından qurtulan şəhərlərimiz, kəndlərimiz, dağlarımız tam 35 il sonra qutsal üçrəngli bayrağımıza qovuşdu, tarixi ədalət bərpa edildi. Bu əlamətdar hadisə bütün millətimizi və Türk Dünyasını qürurlandırdı, sevindirdi. Düşmən işğalının ilk günlərindən milli hərəkatda yer alan, xalqımızın haqlı mübarizəsinə töhfələr verən, müxtəlif cəbhələrdə erməni işğalına qarşı vuruşan adamların yaratdığı Milli Hərəkatçılar Birliyi (MHB) olaraq bu tarixi günü həsrətlə gözləyən xalqımıza gözaydınlığı veririk”.

“Böyük millətimizin və şanlı ordumuzun böyük uğuru qarşısında sayğıyla əyilir, bütün xalqımızı, onun vətənpərvər oğul və qızlarını ürəkdən təbrik edirik. Bu zəfər duyğusunu xalqımıza yaşadan, tarixi ədaləti bərpa edən dövlətimizə və hər an onunla çiyin-çiyinə olan Türkiyəyə və Türk xalqına təşəkkür edirik. İnanırıq ki, qutsal bayrağımız Vətən torpaqlarının hər addımında əbədi olaraq dalğalanacaq. Bir kərə yüksələn bayraq bir daha enməz!”, - deyə bəyanatda vurğulanıb.

Müəllif: Ayna.az