Tanınmış mədəniyyət xadimlərindən çağırış: “Vətəndaşların halal haqlarını özlərinə qaytarın”

Cəmiyyət

09.05.2022 - 18:30

Valeh Kərimov: “Özəlləşdirmə çeklərinin tədavül müddəti artırılmalıdır”

Rəhman Rəhmanov: “İndidən hazırlıqlara başlamaq, çekləri əllərində qalan insanların siyahısını tutmaq lazımdır”

Özəlləşdirmə çekləri ilə bağlı problem günümüzün ən aktual sosial-iqtisadi məsələlərindən biridir. 90-cı illərin ortalarında mərhum Prezident Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızların 2011-ci ildən etibarən tədavülünü dayandırılması ciddi narazılıqlara yol açıb.

Fərmanda özəlləşdirmə çeklərinin üçdə iki hissəsinin vətəndaşlara məxsus olması, eyni zamanda konkret müddətin nəzərdə tutulmaması, qiymətli kağız olaraq bütün valyutalardan dəyərli olması ilə bağlı məqamları nəzərə alaraq, Milli  Məclisin deputatları, ölkə ziyalıları, elm və mədəniyyət xadimləri, ictimai-siyasi təşkilatlar, ekspertlər yenidən tədavül müddətinin artırılması təşəbbüsü ilə çıxış edirlər. Onların qənaətinə görə, ya dəymiş ziyan kompensasiya olaraq ödənilməli, ya da tədavül müddəti artırılaraq, çekləri əllərində qalan payçıların növbəti özəlləşdirmə hərracında iştirakına şərait yaradılmalıdır.

Azərbaycan Respublikasının Xalq artisti, məşhur aktyor Valeh Kərimov AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırırlması vacibdir: “O zaman ulu öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara əvəzsiz vauçerlər paylandı. Bir çoxu bu çekləri satsalar da, hələ də saxlayanlar var və onlardan biri də mənəm. Ailə üzvlərimlə birlikdə bizə məxsus olan vauçerləri bu günə qədər qoruyub saxlayırıq”.

“O zaman mərhum Prezident Heydər Əliyevin bu fərmanı cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Çünki bu, ölkə vətəndaşlarının halal haqqı idi. Sovetdən qalma müəssisələr onların ata-babalarının iştirakı ilə yaradılmışdı. Lakin sonradan bu proses uğurlu getmədi və nəticə olaraq yüz minlərlə çek hələ də əllərdədir”, - deyə həmsöhbətimiz bildirib.

Xalq artisti hesab edir ki, hökumətin çekləri əllərində qalan vətəndaşlarla bağlı qərar verməsinə ehtiyac var: “Hesab edirəm ki, bu, bir o qədər də çətin olmayacaq. Azərbaycan dövləti vətəndaşların problemlərinin həlli istiqamətində çoxsaylı addımlar atıb. Xüsusən son illər bu istiqamətdə çox ciddi işlər görülür. Müvafiq qurumlar vauçerləri əllərində qalan çeklərin sayını müəyyən etməli və ardınca onların qaytarılması prosesinə başlamalıdır”.

“İnanıram ki, bu, belə də olacaq. Onların arasında sosial təminatı aşağı səviyyədə olan vətəndaşlarımız da var və bu, onlara böyük hədiyyə olardı”, - deyə Kərimov vurğulayıb.

Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış aktyor Rəhman Rəhmanov da AYNA-ya açıqlamasında söyləyib ki, yüz minlərlə insanın halal haqqı özünə qaytarılmalıdır: “Bu, dövlət tərəfindən vətəndaşlar üçün nəzərdə tutulmuş bir imtiyaz idi. Eyni zamanda payçıların halal haqları idi. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! O zaman bu fərmanı imzalayanda hamımız çox sevindik. Hətta xəyallar da qururduq”.

“Doğrusu, yadımda deyil mənim çeklərim necə oldu. Çünki artıq bu proses bitmişdi və demək olar ki, çeklərin elə də əhəmiyyəti qalmamışdı. 2011-ci ildən isə ümumiyyətlə, tədavül müddəti başa çatdı”, - deyə aktyor qeyd edib.

Əməkdar artistin sözlərinə görə, tədavül müddətini artırılmasını özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlar bayram sevinci ilə qarşılayarlar: “Nəhayət, tarixi ədalət bərpa olunar. Mən buna inanıram. Çünki Cənab Prezident İlham Əliyev vətəndaşlarının sosial rifah halının yüksəldilməsiu üçün mühüm addımlar atır”.

“Şübhəsiz ki, bu məsələ də öz həllini tapacaq. Lakin indidən hazırlıqlara başlamaq lazımdır. Özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların siyahısı tərtib edilməli və bundan sonra müvafiq qərarlar qəbul edilməlidir”, - deyə Rəhmanov fikrini yekunlaşdırıb.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray