“Sülh sazişinin mətni artıq rəsmi Bakının maraqlarına çox yaxındır”

Siyasət

11.06.2024 - 18:00

Həkimlər Klinikalar SEO Xidməti

Fuad Çıraqov: “Azərbaycan ərazilərinin anneksiyasını ehtiva edən, Türkiyəyə qarşı olan “Qərbi Ermənistan” nağılı Ermənistan Konstitusiyasından çıxarılmalıdır”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen Ermənistanda səfərdədir. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata əsasən, O`Brayen ikitərəfli münasibətləri və Azərbaycanla danışıqlar prosesini bu ölkənin hakimiyyət orqanları ilə müzakirə etmək üçün bazar ertəsi İrəvana üç günlük səfərə gəlib.

Bu gün ABŞ rəsmisi ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda görüşüblər. Mirzoyanla görüşdən sonra Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü baş tutub.

İkinci iclasda Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini tarixi məqam adlandırıb: “Sülh müqaviləsi layihəsinin hazırlanmasının tamamlanması üçün real bir imkan, tarixi məqam var və onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni bir qapı aça bilər”.

Mirzoyan vurğulayıb ki, Ermənistan həm də suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır.

O`Brayen isə bildirib ki, Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülh əldə edilməsi səylərini dəstəkləyir: “Biz həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi səylərini dəstəkləyirik. Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan biz səyləri dəstəkləməkdən məmnunuq”.

O`Brayenın Ermənistandakı səfərində aparacağı müzakirələrlə bağlı ABŞ DövlətDepartamentinin açıqlamasında bildirilmişdi ki, əsas məqam Alma-Ata Bəyannaməsinə uyğun olaraq sülh sazişinin imzalanmasına Vaşinqtonun dəstəyidir.

Bəzi ekspertlər bildirirlər ki, ABŞ Ermənistana göstəriş verir ki, İrəvan sülh sazişində Alma-Ata Bəyannaməsində israr etsin, strateji nöqtələrdəki Azərbaycan əsgərlərinin çəkilni istəsin, qoşunların “güzgü prinsipi” əsasında çəkilməsini tələb etsin. Ehtimal var ki, ABŞ rəsmisi İrəvanda danışıqlarda bu məsələni erməni rəsmilərinin diqqətinə bir daha çatdıracaq.

Mövzu barədə AYNA-nın suallarını cavablandıran politoloq Fuad Çıraqov deyib ki, hələlik Azərərbaycanla Ermənistan sərhədləri müəyyənləşməyib:

- İki ölkə arasında delimitasiya və demarkasiya prosesi getməyib. Cəmi 12 kilometrlik ərazi demarkasiya olunub ki, bu da sərhədlərin müəyyənləşməsi deyil. Faktiki olaraq min kilometrlik ərazi şərti sərhəddir. Ona görə də, istər ABŞ olsun, istərsə də hansısa bir qüvvə, bu iddiası yanlışdır. Amma Dövlət Departamentinin bəyanatlarında ərazi bütövlüyü, suverenlik və Alma-Ata Bəyannaməsinin qeyd olunması normaldır. Azərbaycan bunu inkar etmir və ərazi bütövlüyünün, suverenliyin əleyhinə getmir. Sülh sazişinin mətnində bu məsələlər əlbəttə, əksini tapacaq. Lakin sazişin mətnindən kənar məqamlar var ki, bu, həll olunmalıdır.

Düşünürəm ki, sülh sazişinin mətni artıq rəsmi Bakının maraqlarına çox yaxındır. Maneələr isə müqavilə mətnindən, Alma-Ata Bəyannaməsinin özündən kənardır. Söhbət Ermənistan Konstitusiyasındakı maddədən gedir ki, bu, sülhə maneədir. Azərbaycan Prezidenti açıq və qəti şəkildə bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasına son qoyulmalıdır. Qarabağın anneksiyası qərarına Ermənistan yenidən baxılmalıdır və “tarixi Ermənistan”ın legitimləşdirilməsi məsələsi aradan qaldırılmalıdır. Məncə, ABŞ rəsmisi erməni rəsmiləri ilə bu məsələni də müzakirə etməlidir, əgər regionda sülh və sabitlikdə həqiqətən maraqlıdırlarsa.

- Bu dəyişiklikdə İrəvan maraqlıdır?

- Hər halda bəyanat verilir. Konstitusiyanın dəyişdirilməsinin zəruriliyindən danışılır, bəyanatlar verilir. Ermənistanın Baş naziri çıxıb demir ki, “tarixi Ermənistandan” “real Ermənistana” qayıtmaq lazımdır. O zaman mifik “tarixi Ermənistan”ı Konstitusiyada legitimləşdirən maddə çıxarılmalıdır. Azərbaycan ərazilərinin anneksiyasını ehtiva edən, Türkiyəyə qarşı olan “Qərbi Ermənistan” nağılı Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Məsələ bu qədər bəsitdir. Konstitusiyada olanlarla Ermənistan rəhbərliyinin bəyanatları bir-birinə ziddir. Ermənistanın Konstitusiyası hazırkı halda qaldıqca, bu, gələcəkdə böyük problem yaradacaq. O zaman sülh dayanıqlı olmayacaq.  İstər Paşinyan, istərsə də Paşinyandan sonra gələnlər yeni ana qanunlarla öhdəlik götürməlidirlər. Təsəvvür edin ki, indiki Ermənistan Konstitusiyası dəyişdirilmədi, sülh sazişi də imzalandı. Paşinyan hakimiyyətdən gedərsə, onun yerinə gələn bu sülh öhdəliyindən imtina edə bilər və əsas da Ermənistan Konstitusiyasını göstərə bilər.

- Ermənistanın XİN başçısı Ararat Mirzoyan ABŞ rəsmisi ilə danışıqlar zamanı bildirib ki, sülh sazişinin imzalanması üçün real imkan var. Sizcə, sülh sazişinin imzalanmasında əsas maneə Ermənistan Konstitusiyasındakı maddələrdir?

- Əlbəttə, əsas maneə budur. Ümumiyyətlə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı Üçtərəfli Birgə Bəyanatda müddəa var, Paşinyan bu sənədə imza atıb, amma icra etmirlər. Eyni zamanda, sülh sazişi imzalamağa hazır olduqlarını  bəyan edirlər, real imkan yarandığını deyirlər, amma bu tərəfdən də Azərbaycana qarşı ərazi iddiaları davam edir. Bu, kifayət qədər ziddiyyətli məqamdır. Ola bilsin ki, bu, İrəvanın sülhü yubatmaq üçün yeni taktikasıdır.

- Ermənistanın bu ziddiyyətli addımlarında Qərbin təsirləri nə qədərdir? Çünki iddia olunur ki, Qərb İrəvana sülh sazişini maksimum yubatmaq üçün göstərişlər verir...

- Qərb 2022-ci ilin sentyabrında - şərti sərhəddəki döyüşlərdən sonra narahat oldu və oktyabrın 6-da Praqada ilk dəfə Alma-Ata Bəyannaməsi gündəmə gətirildi. Onadək Ermənistan özünü karlığa-korluğa qoymuşdu. Prinsipcə, rəsmi Bakı buna etiraz etmədi, hətta dəstəklədik də. Azərbaycan bəyan etdi ki, Alma-Ata Bəyannaməsinə əsasən, sərhədlərin müəyyənləşməsinə etiraz etmirik. Amma sülh müqaviləsinə mane olan məqam var ki, bunun biri fundamentaldır. Söhbət Ermənistan Konstitusiyasından gedir ki, bu, mürəkkəbdir. Ola bilər ki, Paşinyan heç Konstitusiyaya dəyişikliyi barədə referendumda erməni cəmiyyətindən dəstək qazana bilməsin. Bu, sülhə əsas əngəldir. Fundamental olmayan isə yol məsələsidir ki, bunu həll etmək olar. Yəni xoş niyyət olaraq Zəngəzur dəhlizinin reallaşmasına çalışa bilərlər. Yaxud da, 1992-ci ildə Ermənistan Parlamenti özündə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən qanunlar qəbul edib. Bu qanunları ləğv etmək 5-10 dəqiqənin işidir, amma bunu Ermənistan etmir. Axı bunlar referendum tələb edən məsələlər deyillər. Demək ki, məqsəd yenidən sülhü yubatmaqdır. Əgər rəsmi İrəvan sülhlə bağlı bəyanatlarında səmimidirsə, o zaman xoş niyyətli addımlar atmalıdır.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş