Sosial problemlər məngənəsi: cəmiyyət aqressiyasını tökməyə yer axtarır

Cəmiyyət

03.05.2022 - 18:19

Sosioloq: “Xalqın istənilən çətinlikdə ağlına gələn ilk düşüncə budur ki, neft-qaz ölkəsinin vətəndaşı belə yaşamamalıdır”

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın bir sıra sosial şəbəkə səhifələrində canlı yayımlanırdı. Yanğının görüntülərini kiçik ekranlardan izləyənlər müxtəlif cür reaksiyalar göstərir, hiss-həyəcanlarını ifadə edirdilər.

Burada bəzi diqqətçəkən məqamlar oldu. Belə ki, yanğın hadisəsinin ekoloji, iqtisadi zərərlərini göz önündə tutaraq, bu hadisədən məyus olanlar çoxluq təşkil etsə də, mütəəssir olmadığını bildirənlər, hətta qəzəb ifadə edənlər də var idi.

Məsələn, “əcəb oldu, yağın qiymətini qaldıranda bilmirdilərmi ki, İlahi ədalət təcəlli edəcək, od tutub yanacaqlar” və s. kimi şərhlərə rast gəlmək mümkün idi. Həmin rəy sahiblərini dardüşüncəlilikdə qınayanlar da var idi, insanların bunu hirsindən yazdığını deyənlər də.

AYNA bahalaşamanın baş alıb getdiyi, əhalinin sosial rifahının günü-gündən çətinləşdiyi bir zamanda bu cür reaksiyaları sosioloq Sahib Altayla müzakirə edib.

Mütəxəssis deyib ki, sinfi cəmiyyətin yarandığı gündən bu günə qədər aşağıların yuxarılara qarşı qısqanclığı, aqressiyası hər zaman olub, var və olacaq: “Lakin mən sinfi cəmiyyətin ədalətli və ya ədalətsiz quruluş olmasını müzakirə etmək istəmirəm. Məlum məsələdir, hər kəs eyni təfəkkürə, dünyagörüşünə, baxış bucağına və yaşam tərzinə sahib deyil. Ölkədə bir yanğın, fəlakət baş verib, buna hərə bir cür rəy bildirə bilər”.

“Məsələ bundan ibarətdir ki, Azərbaycan kimi sosial ədalətsizliyin hökm sürdüyü, hüququn nəzəriyyədə mövcud olub, praktikada işləmədiyi, bir tərəfin sürətlə varlanıb, digər tərəfin sürətlə yoxsullaşdığı ölkələrdə aşağıların yuxarılara qarşı aqressiyası daha çoxdur. Səbəb isə çoxluğun sosial rifahıdır. Çoxluğun aqressiyası bundan irəli gəlir. İnternet, informasiya bolluğu əsrində eyni xalqa məxsus bir qrupun həddindən artıq varlı, çoxluğun kasıb yaşaması kasıb çoxluqda nifrət hissi yaradır”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, bu cür aqressiyanın səbəblərindən biri ölkə səviyyəli müxtəlif işlərin həllində ortaya çıxan ədalətsizliklə bağlıdır: “Azərbaycanda xalqın istənilən çətinlikdə ağlına gələn ilk düşüncə budur: "neft-qaz ölkəsinin vətəndaşı belə yaşamamalıdır". Reallıq isə budur ki, yaşayır. Rəsmi məvacibiylə, sahib olduğu var-dövləti tərs mütənasib olan adamların yaratdığı lüks həyat görüntüsü və sosial platformalarda yayımlanan mülklər artıq çoxluğa məlumdur və bu çoxluqda artıq belə bir fikir formalaşıb ki, "ölkədə böyük iaşə obyektinə, istehsalat müəssisəsinə, market şəbəkəsinə sahib olan adam elə-belə adam deyil". Bu ölçü təkcə yaşam tərzinə görə yox, həm də ölkə səviyyəli müxtəlif işlərin həllində ortaya çıxan ədalətsizliyə əsasən təyin edilir”.

Sosioloq bu aqressiyanı artıran səbəblərdən birini də İkinci Qarabağ müharibəsindən sonra insanlarda müharibə dövründə yaranmış coşqunun ictimai şüur aktına çevrilməməsində görüb: “İki il öncə ölkənin ərazi bütövlüyü uğrunda baş verən Vətən müharibəsində xalq gözünün ağı-qarası olan bir oğlunu komissarlıqdan alqışlaya-alqışlaya yola saldı. O birliyin, o coşqunun müharibədən sonra ictimai şüur aktına çevrilməməsi bu aqressiyanı daha da artırır. Üstəlik, post-müharibə dövründə çoxluq bir şeyi də anladı ki, hər gün küçədə musiqinin səsini yuxarı qaldırıb, yüksək sürətlə, bahalı maşınlarda onun qarşısında şütüyənlər vətənin bütövlüyü uğrunda can vermək yarışına girmədilər. Onların yeganə yarışı bahalı restoranların yemək süfrələri üzərində nümayiş etdirdiyi bahalı maşınlarının açarları arasında baş verir”.

S.Altay günü-gündən artan qiymətlər və kütləvi işsizliyin bu məsələdə təsirlərinə də toxunub: “Səmimi danışırıqsa, istənilən çətin vəziyyətdə ilk düşündüyümüz evimizin içərisidir. Bu gün ailə başçısı statusu daşıyan adamın üzərində böyük bir məsuliyyət var. İşsiz və ya çalışıb normal gəlir əldə edə bilməyən adamın ailəsinin qarşısında duyduğu utanc hissindən, yenilən eqosundan doğulan aqressiyanı haradansa çıxarmağa bir vasitəsi olmadır. O vasitə bu cür hallarda ifadə olunan rəylərdir. Sosial şəbəkələr bir növ bəzi adamlar üçün həm də dərdini danışıb, içini boşaltdığı yerdir”.

“Ölkədə yağ istehsalçısı olan böyük bir müəssisənin yanması və buna qarşı yönələn aqressiya evinə yağ ala bilməyən və ya dükandan nisyə yağ alan adamın hər gün ödəyə bilmədiyi ehtiyacların qarşısında əsəblərini soyutmağa hesabladığı davranış tərzidir. Günü-gündən problemləri artıb başından aşan o adamın düşündüyü budur: "Mən səhərdən axşama kimi daş daşıyıb 15 manata işləyirəm. Mənim bir günlük qazancım o yağın keyfiyyətlisinin 1 kq-na dəymirsə, mənim fəhlə maaşıma o yağ zavodu böyüyürsə, sabah ayağım sınsa, işləyə bilməsəm, uşaqlarım yağsız qalacaqsa, o yağ zavoduna əcəb olub yanıb”. O adamın gəlirlərinin az olmasında və ya işsiz qalmasında, qiymətlərin artmasında, bəlkə də, o yağ zavodunun sahibinin heç bir rolu yoxdur. Bəlkə də, o, sıradan bir iş adamdır. Nəticə etibarilə böyük işlərin "böyük" adamların kurasiyasında olması düşüncəsi artıq alt şüurda oturuşub. Bu düşüncə elə-belə də formalaşmayıb, təsdiq edən nümunələr az deyil. Məhz bu düşüncənin qarşılığında da həmin aqressiv rəylər formalaşır”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib