Sosial müavinətlərlə bağlı qanuna dəyişiklik edilir

Cəmiyyət

26.04.2022 - 16:50

Pensiya sosial müavinətdən az olacağı təqdirdə müavinət təyin ediləcək

Şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.

AYNA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, “Sosial müavinətlər haqqında” Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir. Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.

Təklif edilən dəyişikliyə əsasən, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az