Siyasi partiyalar özlərini niyə buraxır – İki zidd arqument

Siyasət

01.05.2023 - 14:26

Müsavat başqanı: “Bu, hakimiyyətin istəyi və sifarişi ilə həyata keçirilir”

Deputat: “Siyasi partiyaların fəaliyyəti müasir dövrün tələblərinə cavab verməlidir”

Azərbaycanda siyasi partiyalar öz fəaliyyətlərinə son verməyə davam edir. daha bir partiya fəaliyyətinə son verib. Artıq fəaliyyətinə son verən partiyaların sayı 16-ya çatıb.

Belə ki, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası və Vahid Azərbaycan Milli Birlik Partiyası öz hüquqi fəaliyyətinə xitam vermək barədə qərar qəbul edib.

Məlumat üçün bildirək ki, bir neçə il öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə siyasi partiyalar arasında dialoq başlayıb. Siyasi partiyalar mərkəzi qərargahla təmin edilib, onların qeydiyyatı ilə bağlı problemlər öz həllini tapıb. Ötən ilin sonunda isə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilib. Siyasi partiya yaratmaq üçün min deyil, beş min üzvün olması tələbi qanunla rəsmiləşdirilib.

Analitiklər hesab edirlər ki, siyasi partiyaların özünü buraxması onların bu qədər üzvü bir yerə yığa bilməyəckləri ilə bağlıdır. Əks mövqedə olanlar, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasıma hazırlıq getdiyini iddia edənlər də var. Onların qənaətinə görə, parlament seçkilərinə hazırlıq məqsədilə hakimiyyət siyasi partiyaların sayını azaltmağı düşünür.

Müsavat Partiyasının başqanı Arif Hacılı AYNA-ya açıqlamasında deyib ki, siyasi partiyaların özünü buraxması hakimiyyətin istəyi və sifarişi ilə həyata keçirilir: “Məlumdur ki, Azərbaycanda maksimum 5 partiya mövcuddur ki, üzvlərinin sayı beş mindən artıq olsun. Lakin mən düşünmürəm ki, bu partiyaların özünü buraxması bu saya adekvat üzv sayının olması ilə bağlıdır. Onlar uzun müddət fəaliyyət göstəriblər. Hansı ki, buna qədər partiyanın fəaliyyəti üçün min üzvün olması vacib şərt idi. Onların o zaman da min üzvü yox idi. Hesab edirəm ki, bu, hakimiyyətin verdiyi siyasi qərardır”.

“Burada əsas məqsəd siyasi partiyalar üzərində iqtidarın daha çox nəzarətinə nail olmaqdır. Əslində “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu da bu məqsədə xidmət edir. Siyasi partiyaların sayını azaltmaq və onları müəyyən olunan siyasi qərarların icrasına cəlb etmək niyyəti güdürlər. Yəni, partiyaları daha mobil şəkildə idarə etmək istəyirlər”, - deyə həmsöhbətimiz bildirib.

Siyasətçinin fikrincə, partiyaların özünü buraxması ölkəmizin siyasi həyatına heç bir təsir göstərməyəcək: “Onsuz da onların siyasi təsir aləti yox idi. Klassik mənada dərk olunan, fəaliyyət göstərən partiyaların sayı bir neçədir”.

“Bir çox demokratik ölkələrdə siyasi partiyaların sayının azalması demokratik seçkilərdən sonra baş verir. Nəticə göstərməyən partiyalar siyasi həyatdan təbii yolla uzaqlaşır. Azərbaycanda isə demokratik seçkilər keçirilmədiyinə görə siyasi imitasiyaya yol verilir. Ədalətli seçkillər olsaydı, o zaman həmin partiyalar inzibati müdaxilə olmadan da sıradan çıxacaqdı”, - deyə Hacılı vurğulayıb.

YAP-çı deputat Aydın Mirzəzadə isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu müasir dövrün tələblərinə uyğundur: “Məlumdur ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında kompleks islahatlar həyata keçirilir və bu islahatların mahiyyətində ölkəmizi keyfiyyətcə yeni mərhələyə daşımaq dayanır. Bütün hakimiyyət qolları yenilənib, cəmiyyətin elə bir sahəsi yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın”.

“Təbii ki, bu dəyişlikliklər siyasi partiyaların da fəaliyyətindən yan ötə bilməzdi. Bu mənada “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilməsi labüd idi”, - deyə müsahibimiz söyləyib.

Bəzi siyasi partiyaların özünü buraxmasını onların şəxsi qərarı adlandıran Mirzəzadə hesab edir ki, partiyalar üçün yeni siyasi şərait yaranıb: “Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə iqtidar-müxalifət dialoqunun inkişafına misilsiz töhfələr verib. Partiyalar arasında sağlam münasibətlər qurulub. Hesab edirəm ki, partiyalar arasında əməkdaşlıq bundan sonra da daha da artacaq və genişlənəcək”.

Müəllif: Azər Niftiyev