“Şirin nağıl” bitdi: ruslar Putin üçün ölmək istəmirlər – Rusiya çətin durumda

Dünya

04.10.2022 - 18:31

Mərkəz rəhbəri: “Hər kəs anlayır ki,  səfərbərlik Rusiya ordusunu xilas etməyəcək”

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də “qismən səfərbərlik” elanından sonra bu ölkədə vəziyyət gərginləşib. İstər səfərbərlikdən yayınmaq üçün insanların Rusiyanı tərk etməsi, istərsə də əksər bölgələrdə qərara etirazlar geniş vüsət almaqdadır. Bununla yanaşı, Ukraynanın işğal edilmiş 4 vilayətinin – Donetsk, Luqansk, Xerson və Zaporojyenin ilhaqını nəzərdə tutan “referendumlar”ın keçirilməsi, Dumanın “birləşmə”ni ratifikasiya etməsi bu ölkənin uçuruma yuvarlanmağa doğru getdiyini göstərir. Bir çox yerli və xarici ekspertlər, analitiklər mərkəzlər hesab edirlər ki, Putinin anormal qərarları Rusiyanın çöküşü ilə nəticələnəcək.

Dünyanın mütərəqqi qüvvələri işğala məruz qalan Ukraynanın yanında olduğu halda, Rusiyanın özünə müttəfiq saydıqları da Kremlin ilhaq və işğal siyasətini dəstəkləmirlər. Əhalinin ölkəni kütləvi tərk etməsi, səfərbərliyə, dolayısı ilə müharibəyə etirazların çoxalması, müttəfiqlərin olmaması qarşıda “Şimal ayısı”nı çətin günlərin gözlədiyindən xəbər verir.

Vəziyyəti AYNA-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Putinin səfərbərlik qərarı faktiki olaraq rus cəmiyyətinin xoşuna gəlməyib:

-Bir çox əyalətlərdə, şəhərlərdə etirazlar baş verdi, imtinalar gördük. Hesab edirəm ki, etiraz səsləri daha da artacaq. Hələ ki, Rusiyanın hər yerindən etiraz səsləri ucalmır. İnsanlar susurlar, imkanı olanlar ölkədən qaçır. Amma müharibənin uzanması və artan itkilər etiraz səslərini əlbəttə, artıracaq. Hamı anlayır ki, bu, Rusiyanın deyil, Putinin şəxsi müharibəsidir. Rus cəmiyyəti o qədər avam deyil ki, bunu dərk etməsin. Həm də Putinin nağılı da bitdi, inamsızlıq hər gün artır.

- Yəni ki, insanlar səfərbər olmaq istəmirlər...

-Təbii ki, istəmirlər. Çünki bu, ədalətli yox, işğalçı müharibədir. Hər kəs anlayır ki,  səfərbərlik Rusiya ordusunu xilas etməyəcək. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladığı fevralın 24-dən bu yana səfərbərlik elan etməkdən çəkinirdi. Çünki Kreml sahibi “xüsusi əməliyyat” adlandırdığı işğalçı müharibəni az qüvvə ilə yekunlaşdırmağı planlaşdırırdı. Səfərbərlik elanı Kreml sahibinin “xüsusi əməliyyat” nağılına rəsmən son qoymuş oldu. Putin bir neçə ay əvvəl “müharibəyə müxtəlif dövlətlərdən muzdluları cəlb edə bilərik” dedi, ancaq bu da onun ordusuna uğur gətirmədi. Muzdlular belə Ukrayna müharibəsində ölmək istəmədilər. Putin belə vəziyyətdə səfərbərlik elan etmək məcburiyyətində qaldı. Ancaq səfərbərlik də çıxış yolu deyil. Çünki müharibəyə göndərəcəyi gəncləri ölüm gözləyir.

- Bir də Ukraynanın 4 ərazisinin “referendumla” ilhaqı baş verdi...

- Bu ilhaq da Krımın ilhaqı kimi heç kəs tərəfindən tanınmayacaq. Onu da qeyd edim ki, Putin Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşdirildiyini” elan etdikdən bir gün sonra Ukrayna ordusu daha bir strateji şəhəri – Limanı işğalçılardan azad etdi. Ukrayna ordusu işğal olunan Luqansk, Donetsk, Zaporojye və Xerson istiqamətində əks-hücumlarını davam etdirəcək. Rusiya bu 4 bölgənin adminstrativ sərhədlərindən geri çəkilməyə məcbur qalacaq. Belə olan halda “birləşmə” ancaq kağız üzərində qalacaq. Saxta referendumun nəticəsinə görə Liman Rusiya “şəhəri” sayılır, ancaq indi Ukraynanın nəzarətinə keçib. Demək istədiyim odur ki, bu “referendumlar” mənasız, Kremlin gözə kül üfürməsindən başqa bir şey deyil.

Yeri gəlmişkən, Putin ilhaqdan sonra tərəfdaşlarından dəstək gözləyirdi və hələ də gözləyir.

- Söhbət hansı tərəfdaşlardan gedir?

-Mərkəzi Asiya ölkələrindən, KTMT üzvlərindən, Çindən, hətta Türkiyədən. Rəsmi Ankara ilk gündən açıqlama verdi ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə bəyanatında Ukrayna torpaqlarının ilhaqının beynəlxalq hüquqa zidd adlandırdı. Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləmədilər. Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə ada dövlətinədir. Nəzərə almaq lazımdır ki, Rusiya Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi.

Putin Ukrayna torpaqlarının ilhaqından bir gün sonra Çin lideri Si Sinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respbulika Günü kimi qeyd edilir. Putin məktubunda Si Sinpini “əziz dostu” adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir” kimi cümlələrdən istifadə edib. Si Sinpin də Putinə yazdığı məktublarda həmkarını “əziz dost” deyə xitab edir. Buna baxmayaraq, Si Sinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq.

- Bəs qınayacaqmı?

- Əlbəttə, ilhaqa görə Kremli tənqid də etməyəcək. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin ilhaqını tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin.

Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. İndi Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır. Yəni vəziyyət mürəkkəbdir. İşğalçı Rusiya küncə sıxıldıqca bütün məkrli yollara əl ata bilər.

Müəllif: Anar Bayramoğlu