“Yalnız Ermənistanın maraqlarına zidd olmayan sənədləri ratifikasiya edəcəyik”
“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətini hərəkətləndirmək niyyətində deyil, yalnız Ermənistanın maraqlarına zidd olmayan sənədləri ratifikasiya edəcək”. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
“Əgər bu sənədlər Ermənistan Respublikasının maraqlarına ziddirsə, biz onları imzalamayacağıq. Belə nümunələr əvvəl olub”, - spiker vurğulayıb.
Bundan əvvəl Simonyan qeyd edib ki, Ermənistan KTMT-dən çıxmağı planlaşdırmır.
Bununla belə, ölkənin Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçirilən iclasında iştirakdan imtina edib. Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasına respublikanın nümayəndələri də gəlməyiblər.