Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Xəbərlər

26.06.2024 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

106 illik şanlı tarixə malik Azərbaycan Ordusu bu gün Silahlı Qüvvələr Gününü qeyd edir

Ordumuz və xalqımız Silahlı Qüvvələr Gününü Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edir. Xalqımızın çoxəsrlik tarixində misli görünməmiş bir zirvəyə qalxan ordumuz, Vətən müharibəsində qazandığı Qarabağ Zəfəri ilə tarixin axarını dəyişdirərək Azərbaycanımızın suverenliyinin və bölünməzliyinin qarantı olduğunu şəhidlərin qanı ilə bütün dünyaya bəyan edib.

AYNA xəbər verir ki, Ordu günü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbirlər keçirilib. Bu tədbirlərdən biri də ordu quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olan iş adamları ilə görüş olub.

Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov, ordumuzun qazandığı zəfərlərdə Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusi qeyd edib. Polkovnik əlavə edib ki, ordumuz bundan sonra da dövlətimizin mənafeyi naminə qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə qadirdir.

Tədbirdə çıxış edən xeyirxah iş adamı Hidayət Heydərov bildirib ki, ordumuzun qələbəsi Azərbaycanın bölgədə və dünya siyasətində önəmini artırıb. İş adamı onu da vurğulayıb ki, yeni müstəvidə azərbaycanlı iş adamları da daha məsuliyyətli olmalı və qazanılan qələbəyə uyğun işlər görməlidirlər.

Görüşün sonunda Hidayət Heydərov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən dövlətçiliyimiz naminə gördüyü işlərə görə medallarla təltif olunub.

Azərbaycan Ordusunun bütün heyətini, qazilərimizi və müharibə veteranlarımızı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulayırıq!

Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Müəllif: Ayna.az