Silahlar çəkilib, əsəblər gərgin, müharibə qapıda – və son çarə Ankarada

Siyasət

14.02.2022 - 20:30

Deputat: “Hər iki tərəf Türkiyənin vasitəçiliyində maraqlıdır”

Politoloq: “Martın 15-dək müzakirələr bitəcək və razılıq əldə olunacaq”

ABŞ Prezidenti Cozef Bayden amerikalıları Ukraynanı dərhal tərk etməyə çağırıb. O, heç bir halda ABŞ qoşunlarının öz vətəndaşlarını təxliyə etmək üçün Ukraynaya göndərilməyəcəyini bildirib: “Amerika vətəndaşları indi çıxmalıdırlar. Amerika və Rusiya bir-birinə atəş açsa, bu, dünya müharibəsi deməkdir. ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək”.

Hazırda dünya gündəmini məşğul edən əsas mövzulardan olan Ukrayna böhranı ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri Rusiyanın Ukraynaya qəfildən hücum edəcəyini söyləsə də, əks qənaətdə olanlar, məsələnin danışıqlar masası ətrafında həllini tapacağını gözləyənlər də var. Bəziləri isə hər iki variantı istisna edərək, qarşılıqlı təzyiqlərin davam edəcəyini, lakin bunun müharibəyə qədər gətirib çıxarmayacağını düşünürlər.

Görəsən, Baydenin söylədiyi kimi, Rusiya Ukraynaya qəfildən hücum edərsə, bu, regionda hansı mənzərə meydana çıxaracaq? Ümumiyyətlə, hadisələrin sonrakı inkişafı uzunmüddətli müharibəyə qədər gətirib çıxara bilərmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya şərhində deyib ki, müharibənin baş verməyəcəyini söyləyən təhlilçilərin mövqeyini bölüşür: “Amerika ilə Rusiya arasında müharibə dünya müharibəsi deməkdir. Bayden bununla bağlı ölkəsinin qəti mövqeyini də açıqlayıb. Üçüncü Dünya müharibəsi ABŞ, Avropa, Rusiya kimi dünya gücləri üçün məqbul yol deyil. Hər bir tərəf bunun məsuliyyətini anlayır və hansı faciələrə gətirib çıxaracağını bilməmiş deyil. Bu xüsusda müharibə bəyanatları sadəcə təzyiq xarakteri daşıyır”.

“Hazırkı məqamda hər iki tərəf öz mövqeyində israrlı görünür. Qarşılıqlı mübarizəni digər üsullarla davam etdirirlər. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasını və bu yolla onun iqtisadi cəhətdən zəiflədilməsi yolunu seçib”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, baş verənlərin fonunda Türkiyənin beynəlxalq miqyasda rolu nəzərəçarpan dərəcədə artıb: “Çünki istər Qərbin, istərsə də Rusiyanın danışıqlar yolu ilə razılığa gələcəyi müşkül görünür. Belə bir həssas məqamda Türkiyənin neytral tərəf olaraq vasitəçiliyi gündəmə gəlib. Düzdür, Türkiyə NATO-nun üzvüdür, lakin Moskva ilə də dil tapmağı bacarır. Hər iki tərəf - istər Rusiya olsun, istərsə də Ukrayna - Türkiyənin vasitəçiliyində maraqlıdır”.

“Bu isə öz növbəsində Türkiyənin geosiyasi anlamda aparıcı oyunçu kimi mövqeyini daha da artırır. Azərbaycanın da bu prosesdə iştirakı, Türkiyə ilə birgə fəaliyyəti böyük diplomatik uğurdur. İnanıram ki, Türkiyə vasitəçilik missiyasını uğurla başa çatdıracaq”, - deyə Mollazadə vurğulayıb.

Politoloq Mehman Əliyev də oxşar fikirdədir. Onun AYNA-ya şərhinə görə, müharibə ehtimalı gündəmdə olsa da, real deyil: “Təbii ki, nə Qərb, nə də Rusiya Ukrayna məsələsində geri addım atmaqda maraqlıdır. Hər iki tərəf israr edir və öz mövqeyində haqlı olduğunu nümayiş etdirməyə çalışır. Moskva hesab edir ki, NATO-nun onun sərhədlərinə doğru irəliləməsi öz təhlükəsizliyi üçün təhdiddir. Bu baxımdan öz təhlükəsizliyinə təminat istəyir. Qərb isə NATO-nun hər hansı tərəfə məhdudiyyət qoymayacağını bəyan edir”.

“Belə bir gərgin şəraitdə müharibə ehtimalları normaldır. Çünki tərəflər danışıqlar masası ətrafında razılığa gələ bilmir. Lakin bu müzakirələr gündəmdə olsa da, real deyil”, - deyə həmsöhbətimiz bildirib.

Analitikin fikrincə, Türkiyə Ukrayna böhranının tənzimlənməsində əhəmiyyətli rol alacaq: “Bu gün Türkiyənin həm Moskva, həm də Kiyevlə isti münasibətləri mövcuddur. Hər iki dövlətin rəhbərliyi Türkiyəyə və onun Prezidentinə rəğbət bəslədiyini gizlətmir. Bütün bunların fonunda isə Türkiyənin vasitəçiliyi missiyası gündəmə gəlib. Rəcəb Tayyib Ərdoğan bu məqsədlə Kiyevə səfər edib. Vladimir Putinlə də bu istiqamətdə müzakirələr aparıb”.

“Düşünürəm ki, məhz Türkiyənin iştirakı ilə bu proses danışıqlar masası ətrafında öz həllini tapacaq. Qarşıdakı dövrdə münasibətlərə aydınlıq gələcəyini gözləyirəm. Bütün ehtimallar da məhz bu yöndədir. Hesab edirəm ki, martın 15-nə qədər müzakirələr bitəcək və Rusiya ilə Ukrayna, nəhayət, anlaşa biləcək. Bu anlaşmanın hansı yöndə olacağına dair isə indidən fikir bildirmək hələ tezdir”, - deyə Əliyev fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev