Sərxoş sürücü həbs olunub

Xəbərlər

12.02.2024 - 12:53

Gəncədə avtomobili sərxoş idarə edən şəxs məsuliyyətə cəlb olunub

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri zamanı “Volkswagen” və “Niva” markalı avtomobillərin sürücülərinin qanunla qadağan edilmiş səs siqnalından istifadə etməsi müəyyən olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Sürücülər barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.

VAZ-2107 markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Amil Şərifov yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb. Həmçinin avtomobilin ön yan şüşələrinə tünləşdirilmiş örtük yapışdıran sürücünün il ərzində bir dəfə də sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində inzibati tədbir görülməsi və sürücülük hüququndan məhrum olunması üzə çıxıb. Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Müəllif: Ayna.az