Bakıda BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəliyi (UNFPA-Azerbaijan) fəaliyyətə başlamasının 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edib
AYNA xəbər verir ki, tədbirdə təşkilatın ötən müddət ərzində gördüyü işlər, dövlət qurumları ilə əməkdaşlığı sahəsində əldə olunan uğurlar barədə məlumat verilib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxış edərək bildirib ki, ölkəmizdə fəaliyyət göstərdiyi 25 il ərzində təşkilat hökumətdən, özəl və ictimai sektordan olan tərəfdaşları ilə birgə əməkdaşlıq şəraitində tədbirlər həyata keçirib. Q.İshaqzai vurğulayıb ki, UNFPA-Azerbaijan ölkədə reproduktiv sağlamlıq, ana və uşaq ölümünün qarşısının alınması, gender bərabərliyinin təminatı, Azərbaycanda əhali arasında maarifləndirmə işinin təşkili yolunda bir çox nailiyyətlər əldə edib və bu istiqamətdə işlər davam etdiriləcək.
Tədbirdə çıxış edən Baş Nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan Hökuməti BMT-nin Əhali Fondu ilə çox sıx və səmərəli əməkdaşlıq edir. Təşkilatın Azərbaycan Hökumətinə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dəstək verdiyini qeyd edən Baş Nazirin müavini hökumətin dəlillərə əsaslanan etibarlı məlumatlarla təmin olunması baxımından Fondun fəaliyyətini yüksək qiymətləndirib.
Çıxış edən UNFPA-Azerbaijan üzrə direktoru Karl Kulessa 25 il əvvəl Qahirədə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda (ICPD) qəbul edilmiş Fəaliyyət Proqramının əhəmiyyətindən danışıb. O, bu ilin noyabrında Keniyanın paytaxtı Nayrobidə təşkil ediləcək “ICPD-25” Sammiti haqqında məlumat verərək, həmin proqramın hədəflərinə nail olmaq məqsədilə qlobal miqyasda və ölkə səviyyəsində bütün maraqlı tərəfləri daha sıx əməkdaşlığa çağırıb.
Tədbirin rəsmi hissəsinin sonunda BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən səmərəli və məhsuldar əməkdaşlığa görə dövlət qurumlarına təşəkkürnamələr təqdim olunub.