Beş hektar ərazidə yerləşən hərbi hissədə xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində yeni hərbi hissə kompleksi istifadəyə verilib. AYNA Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə iyun ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən kompleksin təntənəli açılışı olub.
5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparılmış, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil, tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunub.