“Azərbaycan Dəmir Yolları” həyəcanlı xəbəri təkzib edir

Hadisə

09.07.2019 - 17:33

QSC: Hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olmayıb

 

“Bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermis hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb”.

 

Bu barədə AYNA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir: “Hadisə ilə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq. 8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib. Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınıb”.

 

““Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olmayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat  ləngimə qeydə alınmayıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir” – deyə QSC-dən bildirilib.

Müəllif: Ayna.az