Şərti sərhəddə təxribat hazırlığı: yeni savaş riski artır

Aktual

15.10.2024 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Azərbaycan eskalasiyada maraqlı deyil, amma Ermənistan təxribat törədəcəksə, cavabı sərt şəkildə veriləcək”

Ermənistan Müdafiə Nazirliyi hərbçiləri avtobuslarla Azərbaycanla şərti sərhədə göndərir. İki gün əvvəl “Bez Tormozov” adlı “Telegram” kanalı hərbçilərin şərti sərhədə göndərilməsi barədə videogörüntülər paylaşıb. Kanal eyni zamanda, iddia edib ki, Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika da yeridir.

Analitiklər hesab edirlər ki, Ermənistanın bu addımı təxribat törədəcəyi ehtimalından xəbər verir. Ekspertlər hesab edirlər ki, onsuz da bölgədə gərgin vəziyyət mövcuddur və Bakıda keçiriləcək COP29 kimi böyük beynəlxalq tədbir ərəfəsində təxribatlarla vəziyyət bir qədər də gərginləşə bilər.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı AYNA-ya müsahibəsində deyib ki, şərti sərhəddə hər zaman təxribatın baş verəcəyi istisna deyil:

- Ermənistanın şərti sərhədə hərbçilərini və hərbi texnikalarını yeritməsi Ermənistanı silahlandıran havadarlarının təlimatına uyğundur. Məlumdur ki, Azərbaycana qarşı olan güclər Ermənistanı revanşa yönəldirlər. Təhrik edirlər ki, Ermənistan yeni eskalasiya yaratsın. Ən azından yeni eskalasiya görüntüsü yaratmaq niyyətləri də ortadadır. Bəlli həqiqətdir ki, Ermənistan hər zaman alət olmağa meyilli ölkədir. Cənubi Qafqazda sülhün olmasına qarşı çıxan beynəlxalq güclər öz maraqlarının təmini üçün Ermənistandan istifadə edirlər.

Görünən odur ki, Ermənistana da alət olmaq sərf edir. Hərbi texnikanı, hərbçiləri şərti sərhədə cəmləməklə İrəvan dünyaya göstərmək istəyir ki, guya Azərbaycandan təhlükə var, Azərbaycan hücum edə bilər, ona görə də şərti sərhəddə tədbirlər görürlər.

- Həqiqətən də eskalasiya riski varmı?

- Güman etmirəm ki, Azərbaycan eskalasiyada maraqlıdır. Bəli, sülh sazişi imzalanmayıb, Ermənistan öhdəliklərindən boyun qaçırır. Düşünmək olar ki, Azərbaycan bu öhdəlikləri Ermənistana məcburi şəkildə icra etdirsin. Amma axı Azərbaycan sülhdən yana olduğunu, yeni müharibə istəmədiyini açıq şəkildə bəyan edib. İkinci Qarabağ müharibəsindən dərhal sonra rəsmi Bakı İrəvana sülhlə bağlı təkliflərini irəli sürüb. Ermənistan isə dörd ildir ki, oyun oynamaqla, zaman qazanmaqla məşğuldur.

Yenə deyirəm, Azərbaycan eskalasiyada maraqlı deyil, amma Ermənistan təxribat törədəcəksə, cavabı sərt şəkildə veriləcək. Bunu Ermənistandakılar da, havadarları da dərk edirlər. Azərbaycan Prezidenti açıq şəkildə mesaj verib ki, Azərbaycana qarşı təxribatın, revanşın cavabı ağır olacaq. Təxribat olacaq ərazidə Azərbaycan təhlükəsizlik zonası yarada bilər. Buna Azərbaycanın hüququ var və həyata keçirmək gücü də mövcuddur.

Prezident İlham Əliyev yeni çağırış Milli Məclisin iclasında bildirdi ki, Azərbaycan Ordusu gücləndirilir. Ölkə başçısı açıq şəkildə dedi ki, Azərbaycana qarşı təhdidlər var və bu təhdidlərin qarşısını almağa hər zaman hazır olmalıyıq. Təəssüf ki, ölkəmiz elə bir regionda yerləşir ki, burada beynəlxalq güclərin maraqları toqquşur, rəqabət mövcuddur. Maraqları toqquşanlar da Ermənistandan alət kimi istifadə edirlər. Bu baxımdan, Azərbaycan bütün təxribatların qarşısını alacaq.   

- İrəvan bir tərəfdən sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir, digər yandan silahlanır və silahları şərti sərhədə cəmləşdirir. Bu ziddiyyətli addımlarda İrəvanın məqsədi nədir?

- Ermənistan sülh bəyanatı versə də, sülhdə maraqlı deyil. İrəvan sülh sazişini imzalamağa hazırıq deməklə Azərbaycanı sülhdən yayınan, sülhü istəməyən tərəf kimi göstərməyə çalışır. Sülhdə maraqlı olan dövlət qalib tərəfin tələblərini yerinə yetirməlidir. Ermənistan rəhbərliyi bilir ki, Azərbaycanın tələbləri yerinə yetməyincə saziş imzalanmayacaq. Ölkəmizə qarşı ərazi iddiası davam etdiyi halda sülh sazişi necə imzalana bilər? Bunu İrəvandakılar da, Ermənistanın havadarları da anlayırlar. Sülh bəyanatlarında səmimi olmayan Ermənistanın əsas məqsədi məhz təxribatlarını davam etdirmək, revanşa hazırlaşmaqdır. Silahlanma siyasətinin davam etməsi də, şərti sərhədə qoşun cəmləmək də göstərir ki, İrəvan sülh sazişinin imzalanmasında maraqlı deyil. Sadəcə indi revanşa güclərinin çatmadığını anlayırlar, ona görə də sülhün imitasiyasını həyata keçirirlər. Bununla zaman qazanmaq, silahlanmaq, güclənmək və Azərbaycan ərazilərini yenidən işğal etmək istəyirlər. Amma daha Azərbaycan əvvəlki Azərbaycan deyil və onun ərazisini Ermənistanın işğal etməsi mümkünsüzdür. Baş qaldıracaqları təqdirdə başlarının əziləcəyini başa düşməlidirlər.

Müəllif: Anar Bayramoğlu