“Qərb ölkələri Rusiya və Belarusa qarşı ideoloji və dəyərə əsaslanan təcavüzə əl atıb”
“Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arasında şiddətli toqquşma riskləri artır”. AYNA xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Dünyada artan münaqişə və geosiyasi rəqabətin güclənməsi fonunda nüvə güclərinin iştirakı da daxil olmaqla, böyük dövlətlər arasında şiddətli toqquşma riskləri artır", - Şoyqu qeyd edib.
Şoyqunun sözlərinə görə, Qərb ölkələri Rusiya və Belarusa qarşı “ideoloji və dəyərə əsaslanan təcavüzə” əl atıb və təkcə iqtisadi sanksiyalarla deyil, həm də bu ölkələrdə daxili siyasi sabitliyi pozmağa çalışırlar.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, “daxili vəziyyəti sabitsizləşdirmək, sosial əsasları sarsıtmaq və yad neoliberal ideologiyanı tətbiq etmək cəhdləri davam edir”.
Eyni zamanda, Şoyqu vurğulayıb ki, Qərbin bu cür davranışı təkcə Rusiya və Belarusa təsir etmir, həm də bütövlükdə beynəlxalq vəziyyətə mənfi təsir göstərir.
“Beynəlxalq strukturların aktiv devalvasiyası var, onlar getdikcə daha çox siyasi alətə çevrilirlər. Kosmosda silahlanma yarışının qarşısını almaq və kosmosu yeni silahlı qarşıdurma sferasına çevirmək üçün beynəlxalq səyləri sarsıtmağa cəhdlər edilir. Bu hərəkətlər bilavasitə ölkələrimizi zəiflətməyə yönəlib və bizi suverenlikdən, öz inkişaf yolumuzu sərbəst seçmək və strateji maraqlarımızı həyata keçirmək hüququndan məhrum etmək istəyi ilə edilir”, - Şoyqu əlavə edib.