Sənədsiz evlərlə bağlı hökumətə çağırış: “Məsələ ölü nöqtədən tərpənmir”

Cəmiyyət

17.03.2023 - 16:36

Komitə sədri: “Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr isə sənədsiz qəsəbələrə çevrilir”

Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənilərkən sənədsiz evlər məsələsi gündəmə gətirilib. AYNA xəbər verir ki, Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, sənədsiz evlərin sənədləşdirilməsi problemi həllini tapmalıdır.

Deputatın sözlərinə görə, müvafiq icazə olmadan tikilən sənədsiz fərdi yaşayış evlərinin sayı 500 mindən çoxdur: "Bu problem illərdir Milli Məclisdə qaldırılır, hökumət müxtəlif qərarlar verib, dövlət başçısının tapşırıqları olub, amma məsələ ölü nöqtədən tərpənmir. Nəticə etibarilə, problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaradır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr isə sənədsiz qəsəbələrə çevrilir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su-kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, ictimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir”.

“Eyni zamanda vətəndaşlar qeydiyyatda olmadıqlarına görə seçki hüquqlarından istifadə edə bilmirlər. Hökumətdən xahiş edirəm ki, bu məsələnin qısa zamanda həlli üçün tapşırıq versin və prosesi nəzarətə götürsün”, - deyə Quliyev söyləyib.

Müəllif: Ayna.az