Artıq Bakıdan Qazaxa dəmiryol reysi fəaliyyət göstərməyəcək: <font color=red> “Onsuz da gedən olmurdu”</font>

Cəmiyyət

09.07.2019 - 18:37

“Sərnişinlərin əksəriyyəti Ağstafa stansiyasında düşür, avtomobilə və ya avtobusa minir, beləcə 15 dəqiqəyə Qazaxa çatmış olur”

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni qərar qəbul edib. Belə ki, iyulun 15-dən Bakı-Ağstafa-Qazax qatarı ləğv olunacaq və bu istiqamətdə yalnız bir qatar - Bakı-Böyük Kəsik hərəkət edəcək.

 

QSC-nin mətbuat xidmətindən AYNA-ya bildirilib ki, yeni qərar verilməsinə səbəb hərəkət qrafikinin optimallaşdırılmasıdır: “Əvvəllər Bakı-Aqstafa qatarında 4-5 qatar gedirdi. Buna da əlavə işçi qüvvəsi, lokomativ ayrılırdı. Artıq Bakı-Qazax qatarının vaqonları Böyük Kəsik qatarına qoşulacaq. Eyni anda iki qatarın əvəzində bir qatar hərəkət edəcək”.

 

Qurumdan “Bəs Qazaxa getmək istəyənlərin aqibəti necə olacaq” sualına isə belə cavab verilib: “Bakı-Böyük Kəsik qatarı Bakı-Ağstafa qatarının vaxtında gedəcək. Qazaxa gedənlər Ağstafadan və ya Böyük Kəsikdən düşüb getməli olacaqlar”.

 

Yeniliyi AYNA-ya şərh edən yol-nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, indiyədək də Qazaxa gedən sərnişinlərin əksəriyyəti Ağstafada düşüb digər nəqliyyat vasitələri ilə Qazaxa gedirdilər: “Səbəb isə Ağstafadan Qazaxa qatarın getməyin vaxt itkisinə səbəb olması idi. Məsələn, qatar Ağstafa stansiyasında 15-20 dəqiqə dayanırdı. Ondan sonra isə Qazaxa doğru çox aşağı sürətlə hərəkət edirdi”.

 

“Həm də Qazaxda stansiya rayonun içində yerləşmir. Qazaxda düşən sərnişin də rayon mərkəzinə başqa nəqliyyat vasitəsi ilə getməli olurdu. Bu da çox vaxt itkisinə səbəb olurdu. Ona görə sərnişinlərin əksəriyyəti Ağstafa stansiyasında düşür, avtomobilə və ya avtobusa minir, beləcə, 15 dəqiqəyə Qazaxa çatmış olur” – Allahverənov bildirib.

 

“Nəticədə qatarda heç 5 faiz sərnişin Qazax stansiyasına getmək üçün qalmırdı. Məhz bu faktora görə belə qərar qəbul edilib. Düşünürəm ki, doğru qərardır” – deyə o vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva