Sən ən yaxşısısan, Simonyan!

Siyasət

20.04.2022 - 18:50

Ukraynalı qadınları zorlayan rus “qeyri-hərbçiləri” kübarlıq nümayiş etdirirlər - hamını öldürmürlər ki...

“Russia Today” telekanalının rəhbəri, “Rossiya seqodnya” və “Sputnik”in baş redaktoru Marqarita Simonyan haqqında Azərbaycan cəmiyyətində, xüsusən də yerli mətbuatda çox deyilib, çox yazılıb. Onun tutuduğu postlarda Azərbaycan əleyhinə göstərdiyi fəaliyyət hamıya məlumdur. Xüsusən də yubkalı təxribatçı 44 günlük müharibədə fəallaşmışdı. O zaman Simonyan hər vasitə ilə öz dövlətinə, yəni Rusiyaya zərər vurmağa çalışdı, onu işğalçı Ermənistanın tərəfində müharibəyə qoşulmağa çağırdı.

Nə yaxşı ki, Rusiya siyasi isteblişmentində rus faşistinin erməni rəngində olan dəhşətli təxribatlarına tab gətirməmək üçün ağıl və dözüm var idi. Üstəlik, Marqonu müəyyən yerə (özünüz bilirsiz hara) dəvət etdilər və bundan sonra onun vızıltısı uzun müddət eşidilmədi.

Yalnız Ermənistanın təslim olma sazişini imzalamasından sonra qudurğan Simonyan “Twitter”də Nikol Paşinyana bir cümlə yazdı: “Cəhənnəmdə yan, əclaf!”.

Ancaq Ukraynada “olmayan müharibə” başlayandan sonra Simonyan yenidən özünü dəryada balıq kimi hiss etməyə başladı. Razılaşın, “olmayan müharibə” Marqo kimi təxribatçıların vicdan əzabı çəkmədən yalan xəbərlər və feyklər yayması üçün əlverişli dövrdür.

Və bunun fonunda o, cəzasız qaldığını hiss edərək yenə uzun erməni burnunu lazım olmayan yerə soxmağa çalışdı. O, Qarabağı Rusiyanın bir hissəsi kimi görmək arzusunu ifadə edən tvit yazdı.

Təbii ki, belə aşkar anti-azərbaycançılıqdan sonra yerli mətbuat buna dərhal reaksiya verdi. Rus-erməni megerasının mahiyyətini pisləyən və ifşa edən çoxsaylı yazılar yazıldı.

Bu məqalələrdə müəlliflər (o cümlədən bu sətirlərin müəllifi) rus jurnalistini qulağa xoş gəlməyən, lakin kifayət qədər ədalətli epitetlərlə mükafatlandırdılar. Yazılarda ana xətt belə idi: “Simonyan Azərbaycanın və Azərbaycan xalqının düşmənidir”.

Ancaq rezümedə hamımız bir az səhv etdik. Əslində, Marqo təkcə Azərbaycan xalqının düşməni deyil. O, "insanlıq" anlayışının düşmənidir.

Onun Ukraynaya və Ukrayna xalqına nifrət bəsləyən Rusiyanın müxtəlif siyasi tok-şoularında çoxsaylı çıxışlarına qulaq asmaq kifayətdir. O, bir çox rusiyalı ekspertlər kimi, qonşu ölkədə blitskrieg, ardınca qalib hesabatlar gözləyirdi. Amma hadisələrin gedişi göstərdi ki, Moskva istədiyi balığı rahat yeyə bilməyib. Odur ki, uğursuz eyforiya rəvan şəkildə koqnitiv dissonans mərhələsinə keçdi.

Buna görə də Rusiya siyasətçilərinin və politoloqlarının böyük əksəriyyəti (bəziləri örtülü formada, bəziləri açıq şəkildə) getdikcə daha çox "nasist rejimi" mantrasını daha başadüşülən və həqiqətə yaxın tezislə əvəz etməyə başladılar: Ukraynanı məhv etmək.

Feyk yaymaq üzrə “sexdəki” həmkarlarından geri qalmaq istəməyən Simonyan bu günlərdə Rusiyanın "qeyri-hərbçiləri"nin aşkar uğursuzluqlarına haqq qazandırmaq məqsədi daşıyan heyrətamiz dərəcədə axmaq bir bəyanat verdi.

Belə çıxır ki, rusların “olmayan müharibədə iştirak etməyən qeyri-hərbçiləri” “Ukrayna bataqlığı”nda öz zəifliklərinə görə yox, Moskvanın sülhsevərliyinə görə batmaqda davam edirlər. Marqarita Simonyanın sözlərinə görə, Ukraynadakı “xüsusi əməliyyat” aşağıdakı səbəbə görə çox ləng gedir. Jurnalist əmindir ki, Rusiya Federasiyası silahlı qüvvələrinə tammiqyaslı müharibəyə imkan verməyən mərhəmətli mövqe sərgiləyir.

“Rusiya Ukraynada çoxlarına göründüyü kimi, burada çoxlarımızın istədiyindən daha yavaş və daha yumşaq davranır, çünki bunu nəinki, Allah eləməsin, soyqırıma, hətta tamhüquqlu müharibəyə çevirməməyə çalışır”, - deyə “Telegram” kanalında RT-nin rəhbəri yazıb.

Simonyan qeyd edib ki, müharibə fərqli şəkildə aparılır. Yəni əsl müharibə olsaydı, Rusiya ilk növbədə Kiyevi darmadağın edəcəkdi. O, ukraynalıların səviyyəsinə enməməyə və kübarlıq səviyyələrini qorumağa çağırdı.

Hərdən məndə belə bir sual yaranır: Rusiyada insanlar dəqiq bilirlərmi ki, vergi ödəyicilərinin say baxımından kifayət qədər təsirli olan pulları, yumşaq desək, axmaq bir adamın rəhbərlik etdiyi kütləvi informasiya vasitələrinin saxlanmasına gedir?

Yəni, Simonyan hesab edir ki, Ukraynada dağıdılan şəhərlər, müxtəlif profilli infrastrukturlar, yüz minlərlə qaçqın, minlərlə dinc sakin, o cümlədən uşaqların ölümü mərhəmət aktıdır?

Ancaq bu, Marqonun sinizminin yalnız görünən hissəsidir. O, utanmadan “ukraynalıların səviyyəsinə enməməyə və kübarlığı qorumağa” çağırır və belə çıxır ki, ukraynalı qadınları zorlayan rus “qeyri-hərbçiləri” kübarlıq nümayiş etdirirlər - hamını öldürmürlər ki...

Və nə Simonyan, nə də onun kimiləri istəsələr belə, ukraynalıların səviyyəsinə enə bilərlər. Bunu etmək üçün etdiklərinə nəzər salmaq lazımdır. Hər halda, Ukrayna Rusiya ərazisində “qeyri-hərbi addımlar” həyata keçirməyib. Onlar torpaqlarını, evlərini müdafiə edirlər və edəcəklər.

Maksim Qalkinin “Hamıdan yaxşı” (“Luçşe vsex”) verilişinə “Komedi klub”ın populyar aktyorları Timur Batrutdinov və Qarik Xarlamovun iştirakı ilə belə bir yumoristik parodiya səhnəsi var. Çıxışının sonuna yaxın Timur deyir: “Həyatımda çox qaniçən görmüşəm, amma sən ən yaxşısısan”.

Bu kontekstdə sözləri Simonyana da aid etmək olar: “Sən ən yaxşısan”...

Müəllif: Fed Bakinski