“Girovların qaytarılması problemin həlli yolu deyil”

Siyasət

19.12.2019 - 15:54

İlham İsmayıl: “Rusiya Azərbaycan və Ermənistanda gedən siyasi prosesləri izləyərək, öz xeyrinə qərar verməyə çalışacaq”

 

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova, Azərbaycan və Ermənistandan olan əsir-girovların dəyişdirilməsi ilə bağlı açıqlama verib. O, prosesin Rusiya tərəfindən dəstəkləndiyini və daim diqqətdə saxlanıldığını deyib.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ətrafında AYNA-nın suallarını cavablandırıb.

 

- İlham müəllim, prosesdən nə yenilik gözləyirsiniz?

 

- Əsas məsələ Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Bu məsələyə böyük dövlətlər, həmçinin münaqişə tərəfləri, sanki münaqişəni həll etmiş kimi münasibət sərgiləyir və bununla da iki ölkə arasındakı gərginliyi azaltmağa çalışırlar. Yəni fəaliyyət bu istiqamətdə göstərilir. Təbii ki, hər keçən gün zaman daralır və bizim əleyhimizə işləyir. Düzdür, bu hadisə baş versə, əlbəttə ki, təqdirəlayiqdir. Amma məsələnin əsl mahiyyəti Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Bu mənada Mariya Zaxarovanın dünənki çıxışı, həmişə olduğu kimi, əsas məsələdən yayınmağa hesablanıb.

 

- Belə çıxır ki, girovların dəyişdirilməsi ətrafında müzakirə aparmaq məsələni əsl mahiyyətindən uzaqlaşdırmağa hesablanıb?

 

- Bəli, əsas məsələ bundan ibarətdir. Düzdür, həmin əsirlər, girovlar bizim vətəndaşlarımızdır, onların Azərbaycana qayıtması bizi sevindirməyə bilməz. Lakin bununla xal qazanmaq olmaz. Çünki bu, məsələnin əsas həll yol deyil.

Mərahim Nəsib