Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

İdman

13.05.2022 - 20:43

Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibinə uduzub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib. AYNA-nın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VIII turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibinə uduzub.

Azərbaycan təmsilçisi VII turda rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib. Əvvəlki qarşılaşmalarına gəlincə, o, I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) məğlub olub, II, III, IV və VI turlarda müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Müəllif: Ayna.az