"Etiraf etdi ki, bəli, bu, məğlubiyyətdir. Dedi ki, vəziyyəti birtəhər də olsa, düzəltmək imkanımız yoxdur"
E.Şarmazanov hesab edir ki, Paşinyanın siyasi komandası yalnız hamını razı salmağa çalışır.
"Ermənistan hakimiyyəti Qarabağda müharibəni çox tez dayandıra bilərdi. Belə ki, oktyabrın 19-da qapalı iclas zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsən mənə və digər iclas iştirakçılarına Rusiya tərəfdən müharibənin dayandırılması ilə bağlı təklifin daxil olduğunu bildirdi". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Respublika Partiyasının rəsmisi Eduard Şarmazanov "News.am" saytına deyib.
Şarmazanov qeyd edib ki, hərbi əməliyyatların dayandırılması təklifi ondan gəlib: "Bu təklifi hələ oktyabrın 12-də (2020-ci il) keçirilən ilk qapalı iclasda səsləndirdim. Paşinyana təklif etdim ki, Rusiya Federasiyasına müharibəni dayandırmaq və Rusiya tərəfinin təkliflərilə razılaşmaq xahişi ilə müraciət etsin. Axı yeni insan və ərazi itkiləri ehtimalı yalnız artan xətlə gedirdi. Nikol mənim təklifimə mənfi reaksiya vermədi. Hətta müsbət cavab verdiyini, razılaşdığını da deyə bilərəm. Amma problem ondadır ki, o, tam bir həftə ruslara müraciət etmədi... Oktyabrın 19-da ona birbaşa sual verildi: “Uduzduqmu?”. Cavabında etiraf etdi ki, bəli, bu, məğlubiyyətdir. Dedi ki, vəziyyəti birtəhər də olsa, düzəltmək imkanımız yoxdur. Bəs onda niyə oktyabrın 19-da müharibəni dayandırmadı? Düşünürəm ki, bu barədə yalnız o bilir. Çoxlu versiyalar var”, - ", - Şarmazanov vurğulayıb.
Müxalifətçi hesab edir ki, Paşinyan hökuməti müstəqil deyil: "Bu siyasi komanda hamının xoşuna gəlməyə çalışır. Söhbət ABŞ, Avropa İttifaqı və Rusiya kimi böyük geosiyasi oyunçulardan gedir".