Alen Simonyan: "Əks halda onun istefası qəbul edilmiş və qüvvəyə minmiş hesab olunacaq"
"Ermənistan Prezidenti hələ də istefasını geri götürə bilər". AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Parlamentinin spikeri Alen Simonyan Milli Assambleyanın iclasında bildirib.
Ermənistan Konstitusiyasının müddəalarını xatırladan Simonyan qeyd edib ki, Prezident bir həftə ərzində istefasını geri götürərsə, Milli Assambleyanın sədri müvafiq bəyanatla çıxış edəcək: "Əks halda onun istefası qəbul edilmiş və qüvvəyə minmiş hesab olunacaq".
Qeyd edək ki, yanvarın 23-ü axşam saatlarında Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdiyini açıqlayıb. Sarkisyan qərarını Ermənistanın daxili və xarici siyasətinə təsir alətlərinin olmaması ilə izah edib. Prezident vurğulayıb ki, hər zaman konstitusiya islahatlarının tərəfdarı olub və əslində hökumət artıq konstitusiya islahatları ilə bağlı komissiya yaradıb, islahatlar prosesinə başlayıb.
Xatırladaq ki, Sarkisyan 2018-ci ilin aprelində, “məxməri inqilab”dan bir qədər əvvəl Ermənistan Parlamenti tərəfindən seçilib.