“Bu böhranı siz yaratdınız, bunun üçün Ermənistan vətəndaşları pul ödəməli olurlar"
“Rusiya Ermənistanın dövlətçiliyinə təhlükə yaratmır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan deputatı İşxan Saqatelyan müxalifətdən Moskvanın hərəkətlərini ölkə üçün təhlükə kimi görüb-görmədiklərini soruşan vitse-spiker Ruben Rubinyanın sualına cavabında deyib.
Parlament müzakirələri zamanı hakim fraksiyanın deputatları tez-tez müxalifəti sorğu-sual edir və onlardan Rusiyanın Ermənistan üçün təhlükə yaradıb-yaratmadığını dəqiq cavablandırmalarını istəyirlər.
Rusiya Federasiyasının Ermənistan mallarına tətbiq etdiyi idxal məhdudiyyətlərinin haqlı olub-olmadığı sualına gəldikdə isə Saqatelyan bunu bilmədiyini söyləyib.
"Lakin bilirəm ki, idxala qoyulan qadağa siyasi qərardır. Bu, tərəfdaşlığa əsaslanan siyasi qərardırmı? Bu suala özünüz cavab verin. Rusiya Prezidentini yaxından görmədim. Nikol Paşinyan Vladimir Putinin onun böyük dostu olduğunu və Putinlə Ermənistanın üç keçmiş prezidentinin birlikdə olduğundan daha çox ünsiyyət qurduğunu bildirib. Ona görə də get və bu münasibətləri həll et. Bu böhranı siz yaratdınız, bunun üçün Ermənistan vətəndaşları pul ödəməli olurlar", Saqatelyan deyib.
Müxalifətçi deputat həmçinin Ermənistandakı demokratiyanın vəziyyətinə toxunaraq bildirib ki, ölkədə baş verənlər demokratik deyil. O qeyd edib ki, “demokratiyanın dörd vacib prinsipi var: azad seçim və seçki hüququ, söz azadlığı, mülkiyyət və işləmək hüququ. Bunların hamısı hakimiyyət tərəfindən xalqdan alınıb”.