Alman hakimiyyəti 500-dən çox casusluq və təxribat hadisəsi aşkar edib
“Almaniya müharibə vəziyyətində olmasa da, 24/7 hibrid təcavüzə məruz qalır”. AYNA.AZ “Bild”ə istinadən bildirir ki, bu sözləri Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən bəri polis dəmir yolu və enerji infrastrukturunda 216 təxribat hadisəsi, eləcə də Almaniyaya qarşı 285 casusluq aktı qeydə alıb.
“Almaniya hücum altındadır. Gecə-gündüz. Gizli şəkildə. Kölgələrdən. Casusluq, təxribat, kiberhücumlar. Bu kölgə cəbhəsi Avropanın, Almaniyanın içindən keçir. Hücumçuların məqsədi infrastruktura zərər vermək, cəmiyyəti bölmək və dövlətə olan etimadı sarsıtmaqdır. Bu kölgə cəbhəsində onlar bizi hərbi cəhətdən deyil, siyasi və sosial cəhətdən məğlub etmək istəyirlər", - deyə nazir deyib.
Dobrindt bu hücumların arxasında kimin olduğunu dəqiqləşdirməsə də, Berlin əvvəllər bəzilərinə görə birbaşa Moskvanı günahlandırmışdı.
2026-cı ilin avqust ayında Leypsiq hava limanında Ukrayna hərbi nəqliyyat təyyarəsini hədəf alan partlayıcı maddələr daşıyan dronlar aşkar edildi, lakin partlayış detonatorun nasazlığı səbəbindən baş tutmadı. Daha sonra Almaniya Rusiyanı hibrid hücumda günahlandırdı və Bonndakı Rusiya Baş Konsulluğunu və Berlindəki “Rus Evi”ni bağladı. Alman müstəntiqləri iki cinayətkarı müəyyən etdi: logistikanı təşkil edən QRU ilə əlaqəsi olan (The Telegraph-a görə) rusiyalı bayker və 2024-cü ildə Leypsiq və Lodzdakı yanğın yerlərindən DNT-si izləri ilə uyğun gələn Belarus vətəndaşı.
Almaniyada iki Türkiyə vətəndaşı da həbs edilib. Almaniya hakimiyyət orqanlarının məlumatına görə, onlar sentyabr ayında Polşadakı “Starlink” yerüstü stansiyasını yandırıblar. Alman kəşfiyyat orqanlarının hesabatına görə, bu hücum, eləcə də Bolqarıstan və Litvadakı “Starlink” obyektlərində törədilən təxribat aktları Rusiya kəşfiyyatı tərəfindən sifariş edilmiş və rusiyalı agent tərəfindən idarə olunan məqsədyönlü təxribat hesab olunur.
Almaniya təhlükəsizlik rəsmilərinin sözlərinə görə, pul müqabilində həyata keçirilən hücumlar Avropada narkotik qaçaqmalçılığı, şantaj və sifarişli qətllərlə tanınan Türkiyənin "Daltons" cinayətkar qruplaşması ilə əlaqəli cinayətkarlar tərəfindən həyata keçirilib. Oktyabr ayında Türkiyə təhlükəsizlik rəsmiləri Türkiyənin bir neçə bölgəsində keçirilən reydlər zamanı qrupun yüzə yaxın üzvünü saxlayıblar.