Ölkələr arasında daxili işlər, təhsil, əmək və digər əlaqəli sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Noyabrın 29-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Peru Respublikasının Xarici İşlər Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Peru nümayəndə heyətinə isə həmin ölkənin Xarici İşlər Nazirliyinin Xaricdəki Peru İcmaları və Konsulluq İşləri üzrə Baş idarəsinin direktoru Pedro Bravo Karranza rəhbərlik edib.
Görüşdə hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları ilə yanaşı, Azərbaycanın Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmin nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndələri, o cümlədən ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, Perudakı diplomatik ofisimizin əməkdaşları iştirak edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının gücləndirilməsi, xüsusən də qarşılıqlı səfərlər üçün ümumvətəndaş pasport sahiblərinə vizasız gediş-gəlişin təmin edilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, bu sahədə reallaşan layihələr barədə müzakirə aparılıb və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, ölkələr arasında daxili işlər, təhsil, əmək və digər əlaqəli sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.