Varta zarta qındapet

Cəmiyyət

30.11.2026 - 00:27

Silah eyni silahdır, amma ona verilən ad artıq başqa bir yaddaşdan gəlir…

Elçin (Şıxlı) ilə Marmarisdən Datça yarımadasına səyahət edirdik. Maşını Elçin sürürdü, yanında həyat yoldaşı Sevinc oturmuşdu. Biz arxa sırada oturub füsunkar təbiətin son bahar mənzərəsini seyr edirdik.

Yolun bir yerində baxdım ki, öndə oturanlar hansısa rus sözünün tərcüməsi üstündə mübahisə edirlər. İş uzanmasın deyə araya girdim:

- Heç bilirsinizmi, erməni dilində "artilleriya polkovniki" necədir?

Elçin güzgüdən tərs-tərs mənə baxdı. Yoldaşım "Bu hardan çıxdı?" dedi. Sevinc arxaya dönüb təəccüblə soruşdu:

- İndi artilleriya polkovnikinin yeri idi?

Bir az pauza verib sualın cavabını özüm verdim:

- Varta zarta qındaped.

Bunu deyəndə Elçin elə bir şaqqanaq çəkdi ki, sükan az qala əlindən çıxacaqdı. Əyləcə basdı, maşını sağa çəkib saxladı və dəqiqələrcə güldü. O sakitləşəndə, bu dəfə də Sevinclə mənim yoldaşım uğunub getdilər.

O unudulmaz səyahətdən illər keçib. Bu axşam o an yenidən yadıma düşdü…

Özbəkistan ordusu rus hərbi terminlərini özbək sözləri ilə əvəzləməyə başlayır. Artıq "okop" əvəzinə "xandaq", "trevoqa" əvəzinə "bonq", "bronejilet" əvəzinə "zirhnimça", "ataka" əvəzinə "hamla", "blokada" əvəzinə "qamal", "furajka" əvəzinə isə "börk" deyiləcək.

Bu proses Daşkəndin daha geniş dil siyasətinin bir parçasıdır: Sovetdən qalma hərbi terminologiya yavaş-yavaş öz dilinə qayıdır. Necə deyərlər, silah eyni silahdır, amma ona verilən ad artıq başqa bir yaddaşdan gəlir…

İllər əvvəl bəndeyi-həqiriniz bizim orduda da belə bir islahat aparılmasını təklif etmiş, ilk addımın hərbi rütbələrin milliləşdirilməsi olmasını yazmışdım. "Yarbay, yoxsa polkovnik-leytenant?" adlı yazıda belə soruşmuşdum:

"Teymen leytenantdan,

Yüzbaşı kapitandan,

Minbaşı mayordan,

Yarbay polkovnik-leytenantdan,

Albay polkovnikdən

min dəfə yaxşı səslənmirmi?"

O gün maşında hamını güldürən "Qındapet" əslində zarafat deyildi. Ermənicə "gndapet" hərfən "alay başçısı" deməkdir. Qonşular öz rütbələrini çoxdan öz dillərinə qaytarıblar. Gülməli olan, bəlkə də, biz idik…

Müəllif: İbrahim Nəbioğlu

Pin up casino Pin-up casino giriş