Elmar Məmmədyarov: “Kimlərinsə qarınağrısı var, mənim kimi görkəmli adamı ləkələmək istəyirlər”
“Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən çıxandan sonra olunla heç bir əlaqəm olmayıb. Nə bir dəfə telefonda danışmışıq, nə görüşmüşük. Yəni heç bir ünsiyyətdə olmamışam. 6 ildir heç bir əlaqəm yoxdur”. AYNA.AZ xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Müsavat” TV-yə deyib.
Keçmiş nazir bildirib ki, indi onun haqqında gülməli iddialar səsləndirilir: “Barəmdə absurd fikirlər yazırlar. Mən bilirəm ki, kimlərinsə qarınağrısı var, mənim kimi görkəmli adamı ləkələmək istəyirlər”.
Məmmədyarov “sizi istintaqa dəvət ediblər?” sualına belə cavab verib: “Gözləyin, bu gün bazar günüdür, bəlkə bazar ertəsi dəvət edəcəklər?! Bilirsiz, istintaqı ciddi adamlar aparırlar, onlar da faktlara söykənirlər. Mənim barəmdə nə fakt var ki?”.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Yerli mediada gedən məlumatlara görə, R.Mehdiyev bir neçə dəfə Novxanıdakı bağ evində sabiq məmurlarla, ona yaxın olan şəxslərlə görüşlər keçirib, hakimiyyətə gəldikdən sonra hansı addımlar atılacağını müzakirə edib. Həmin məlumatlarda vurğulanır ki, E.Məmmədyarov da Mehdiyevin yaxın çevrəsinə daxil olan şəxslərdəndir.